"Bugün Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, məktəb psixoloqları həm məktəb mühitində, həm də məktəbdən kənarda baş verə biləcək bütün neqativ hallar üçün cavabdehdirlər. Amma gəlin baxaq, məktəb psixoloqlarının hansı imkanları və alətləri var. Hazırda ümumilikdə hər min şagirdə bir psixoloq düşür ki, bu da bütün şagirdləri əhatə etməyə yetərli deyil. Belə olan halda, baş verən bütün neqativlər üçün məktəb psixoloqlarını günahkar saymaq düzgün deyil. Məktəb mühitində psixoloji dəstəyin inkişafı üçün ən azı hər 500 şagirdə bir psixoloq olmalı, onlara ayrıca kabinetlər təmin edilməlidir. Psixoloqların şagirdlərlə test aparmaq, problemli şagirdlərin valideynləri ilə iş qurmaq və müxtəlif alətlərdən istifadə etmək imkanları olmalıdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, məktəblərdə təhsil yalnız bilik verməkdən ibarət deyil. Uşaqların psixoloji sağlamlığı da tədrisin keyfiyyətini birbaşa təsir edir. Son dövrlərdə şagirdlər arasında stress, həyəcan və sosial uyğunluq problemlərinin artması, məktəb mühitində dəstək sistemlərinin əhəmiyyətini ön plana çıxarır.
Ekspert qeyd edib ki, yaranmış gərgin psixoloji mühitdən çıxmaq üçün psixoloqların konkret metod və alətləri olmalıdır.
"Lakin, bu imkanlar bütün ümumtəhsil məktəblərində tam təmin olunmur. Xüsusilə ucqar bölgələrdə psixoloq ixtisası olan işçi belə olmayanda vəziyyət daha da çətindir. Nəticədə, yaxın gələcəkdə psixoloji dəstəyin potensialından tam yararlana bilməyəcəyimizi təxmin etməliyik. Digər tərəfdən, məktəblərdə psixoloji dəstəyi olmayan, çətin tərbiyə olunan uşaqlar da olacaq. Hazırda şagird sayı 500-dən az olan məktəblərdə psixoloq yoxdur. 500-dən çox şagird olan məktəblərdə isə bir psixoloq fəaliyyət göstərir. Bəzi yerlərdə, xüsusilə Bakı ətrafında, məktəblərdə 4000-6000 şagird olur və hər 1000 nəfərə bir psixoloq həm məktəb mühitini, həm də cəmiyyətdə artan aqressiyanı idarə edə bilmir. Bu isə kompleks tədbirlər tələb edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az