Azərbaycan cüdoçusu Elcan Hacıyevin (90 kq) 2026-cı ilin ilk iki "Böyük Dəbilqə" turnirinə qatılmamasının səbəbi müəyyənləşib.
Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.
23 yaşlı idmançı fevralın əvvəlində əməliyyat olunub və hazırda bərpa prosesi keçir. Onun tatamiyə qayıtması həkimlərin qərarından asılı olacaq.
E.Hacıyev fevralın əvvəlində Fransanın paytaxtı Parisdə baş tutan "Böyük Dəbilqə"də iştirak etməyib. O, bu ayın sonunda Özbəkistanda təşkil olunacaq yarışda da mübarizə aparmayacaq.
Bundan əlavə, Uşanqi Kokauri (+100 kq) və Zelim Tçkayev (81 kq) də fevralın 27-dən martın 1-dək baş tutacaq turnirə qatılmayacaqlar.
Kokauri martın 6-8-i aralığında Avstriyanın Linz şəhərində reallaşacaq Qran-pridə çıxış edəcəyi üçün "Böyük Dəbilqə"dəki heyətdə yer almayıb.
Tçkayevin (81 kq) isə xal durumu çox yaxşıdır və reytinqdə üst pillələrdə qərarlaşıb. Cüdoçu hazırda Avropa çempionatına köklənib. O, Belçikadakı beynəlxalq turnirdə və Parisdəki "Böyük Dəbilqə"də gümüş medal qazanmışdı.
Xatırladaq ki, Elcan Hacıyev 2024-cü ildə Avropa çempionatında qızıl medal qazanıb. O, 2025-ci ildə isə dünya çempionatında bürünc mükafata sahib çıxıb.