Britaniyanın ticarət attaşesi: "Azərbaycanla əməkdaşlığımız strateji mərhələyə keçir"

24 Fevral 2026 13:30 (UTC+04:00)

Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıq strateji mərhələyə keçir.

Aznews.az xəbər verir ki, Bunu Böyük Britaniyanın Bakıdakı Səfirliyinin infrastruktur və üçüncü ölkələrlə əməkdaşlıq üzrə ticarət attaşesi Elvin Raziyev bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında strateji əməkdaşlıq mərhələsinə keçidlə bağlı razılıq əldə olunub və bu istiqamətdə dövlət rəhbərləri səviyyəsində danışıqlar aparılıb: "Hazırda bir sıra iri infrastruktur layihələri müzakirə olunur və ortaq qərar qəbul edildikdən sonra bununla bağlı ictimaiyyətə rəsmi açıqlama veriləcək. Su infrastrukturu da mümkün prioritet istiqamətlərdən biridir. Köhnəlmiş infrastruktur su itkilərinin əsas səbəblərindən hesab olunur və bu sahədə modernizasiya layihələri nəzərdən keçirilir".

Ticarət attaşesi qeyd edib ki, Böyük Britaniyanın ixrac kredit agentliyinin ayırdığı 5 milyard funt sterlinqlik maliyyə paketi ümumilikdə bütün infrastruktur sahələrini əhatə edir və konkret olaraq hər hansı bir sektora yönəldilməyib.

Onun sözlərinə görə, hansı sahənin prioritet kimi müəyyənləşdirilməsindən asılı olaraq vəsait həmin istiqamətə yönəldilə bilər: "Əgər su sektoru prioritet elan edilərsə, maliyyənin böyük hissəsi, hətta tamamı bu sahəyə ayrılması mümkündür. Bölgü prioritetlərə uyğun müəyyən ediləcək. Hazırkı mərhələdə vəsait ümumi infrastruktur paketi kimi nəzərdən keçirilir".