"Ermənistanda yaxın dövrdə siyasi gərginliyin artacağı gözlənilir. Bu, ilk növbədə qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır. Seçki prosesi Ermənistan cəmiyyətində, hakimiyyət dairələrində və müxalif düşərgədə artıq uzun müddətdir ki, əsas gündəm mövzusuna çevrilib. Hazırlıqlar faktiki olaraq ötən ildən etibarən aparılır və hər bir siyasi qüvvə öz imkanları çərçivəsində seçkiyə hazırlaşır. Son dövrlər bu prosesin daha da sürətləndiyi müşahidə olunur. Mövcud situasiyada, əgər gözlənilməz və qeyri-adi hadisələr baş verməzsə, hazırkı baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə qalib gəlmə ehtimalı yüksək qiymətləndirilir. Parlamentdə üstünlüyün qorunub saxlanılması da real ssenari kimi görünür. Paşinyan özünü Qərbyönlü siyasətçi kimi təqdim edir və bu imic həm daxili, həm də beynəlxalq təhlillərdə dominant yanaşma kimi qəbul olunur".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Xatırladaq ki, Ermənistan parlament seçkiləri ərəfəsində həlledici mərhələyə daxil olur. İyunun 7-nə planlaşdırılan seçkilər ölkənin geosiyasi kursunun müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırkı baş nazir Nikol Paşinyan yenidən mandat qazanmağa çalışır. Seçkilərdə keçmiş prezident Robert Köçəryan və digər müxalif fiqurlar da iştirak edəcək. Amerikalı analitik Andrew DeAnieri əsas qeyri-müəyyənliyin seçkilərlə bağlı olduğunu və Rusiyanın prosesə təsir göstərə biləcəyini bildirib.
Siyasi şərhçi qeyd edib ki, mövcud vəziyyət bu siyasi kursun Ermənistan daxilində qalib gəlmə ehtimalının yüksək olduğunu göstərir.
"Bununla yanaşı, ölkədə geosiyasi balansın qorunması olduqca mürəkkəb məsələ olaraq qalır. Ermənistan hazırda faktiki olaraq strateji seçim mərhələsindədir. Rusiya yönümlü kimi təqdim olunan müxalif qüvvələrə keçmiş prezidentlər, bəzi siyasi fiqurlar, həbsdə olan biznesmenlər və digər aktorlar daxildir və bu qüvvələr hazırda parçalanmış və koordinasiyasız vəziyyətdə görünür. Hətta ənənəvi təsir gücünə malik olan kilsə də təzyiqlərə məruz qalan və vahid siyasi mövqe formalaşdıra bilməyən tərəf kimi çıxış edir. Bu parçalanma müxalifətin güclü müqavimət göstərmək və ya hakimiyyətə real alternativ yaratmaq imkanlarını ciddi şəkildə zəiflədir. Cari mərhələdə vəziyyət Paşinyanın xeyrinə formalaşsa da, siyasətdə dinamiklik amili hər zaman nəzərə alınmalıdır. Seçkilərə bir ay, bir həftə, hətta bir neçə gün qalmış belə vəziyyətin kəskin və radikal şəkildə dəyişməsi ehtimalı istisna edilmir. Gözlənilməz hadisələr və fövqəladə proseslər siyasi mənzərəni tamamilə dəyişə bilər. Lakin bugünkü reallıqlara əsasən demək olar ki, əgər seçkilər indi keçirilsəydi, Paşinyanın qələbə qazanmaq şansı olduqca yüksək olardı".
Rəfiqə Namazəliyeva,
AzNews.az