“Distant təhsil artıq zərurətə çevrilib” – Ramin Nurəliyev

24 Fevral 2026 19:44 (UTC+04:00)

"Əslində artıq dünyanın bir çox ölkələrində distant təhsil forması tətbiq olunur. Azərbaycanda da təhsil haqqında qanunda distant təhsil forması nəzərdə tutulur, amma təəssüf ki, hələ ki, onun praktik tətbiqi yoxdur. Hazırda xarici ali təhsil müəssisələrində distant formada təhsil alanların diplomları Azərbaycanda tanınmır, çünki bizim sistemdə bunun ekvivalenti mövcud deyil. Bununla belə, süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar əsasında hesab edə bilərik ki, distant təhsil forması ölkəmizdə tətbiq olunmalıdır. Xüsusilə ali təhsildə bəzi ixtisaslar üzrə bu forma rahat tətbiq oluna bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, son illərdə texnoloji inkişaf təhsilin formasını dəyişib. Pandemiya göstərdi ki, ənənəvi sinif modeli kifayət etmir və sistemlər distant və hibrid təhsilə keçməli oldu. Onlayn platformalar və süni intellekt müəllim–şagird münasibətlərini və pedaqogikanı yenidən formalaşdırır.

Ekspert bildirib ki, dünyanın bir çox ölkəsində distant təhsil ciddi gəlir mənbəyinə çevrilib.

"Məsələn, Türkiyədə 7 milyon 800 min tələbə var və onların təxminən yarısı distant formada təhsil alır. Anadolu Universitetində 1 milyon 700 min tələbənin 80%-i qeyri-əyani formada təhsil alır və bu universitet böyük gəlir əldə edir. Biz də ali təhsil müəssisələrimizdə həm yerli, həm də xarici tələbələri distant təhsilə cəlb etməklə dövlətə və universitetlərə gəlir gətirə bilərik. Bu, eyni zamanda xaricə yönələn tələbə axınını ölkə daxilində saxlamağa imkan verər. Hazırda yüksək texnologiya və süni intellekt dövrüdür. Distant və hibrid təhsil artıq zəruridir. Pandemiya zamanı bu sistemə hazırlıqsız daxil olmuşuq, amma pis nəticə əldə etməmişik. Proqramlı şəkildə tətbiq olunsa, həm distant təhsil sahəsində, həm də xarici tələbələrin Azərbaycandakı ali təhsil müəssisələrinə yönləndirilməsində uğur qazana bilərik. Eyni zamanda bu gəlirlər universitetlərin yeni inzibati binalar, laboratoriyalar və maddi-texniki baza ilə təmin olunmasına da imkan yaradacaq. Yalnız qeyd etmək lazımdır ki, bütün ixtisaslar üçün distant təhsil tövsiyə olunmur, amma bir çox ixtisaslarda onun tətbiqi mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az