“Xameneinin aradan götürülməsi ABŞ üçün risklidir” – Həşim Səhrablı

24 Fevral 2026 20:50 (UTC+04:00)

"Əlbəttə, indiki məqamda Xameneinin aradan götürülməsi ABŞ üçün o qədər də asan məsələ deyil. Ən azından İranı Venesuelayla, Suriyayla, İraqla və ya digər ölkələrlə qarışdırmaq olmaz. İran istənilən kateqoriyada bu ölkələri ciddi şəkildə geridə qoyub. Amma ABŞ bunu məqsəd olaraq qarşısına qoysa və bütün itkilərə baxmayaraq Xameneini aradan götürmək qərarına gəlsə, əlbəttə ki, bunu edə bilər. Lakin bu, Amerikanın maraqlarına nə dərəcədə uyğundur? Çünki Xameneidən sonra İranda hakimiyyəti kim alacağı qeyri-müəyyən qalır. Bu, onun varisi də ola bilər, ya da fərqli bir qüvvə ön plana çıxa bilər. Bu qüvvənin siyasət meyli necə olacaq — rus meyilli, yoxsa Amerikanın istəklərinə uyğun olaraq İranın xarici siyasətini qərbə yönəldəcək — bilinmir. Bu qeyri-müəyyənlik səbəbindən ABŞ hazırda Xameneini aradan götürməyi riskli sayır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, ABŞ rəsmiləri və qeyri-rəsmi mənbələr dəfələrlə İranın ali lideri Əli Xameneinin aradan götürülməsi ilə bağlı açıqlamalar veriblər. Bu bəyanatlar beynəlxalq ictimaiyyət arasında geniş müzakirələrə və narahatlığa səbəb olur. Lakin bu addımın gerçəkləşmə ehtimalı həm hərbi, həm də siyasi baxımdan mürəkkəb amillərlə bağlıdır. Belə bir əməliyyat regionda gərginliyi artırmaq və qarşıdurma riskini yüksəltmək potensialına malikdir.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-nin məqsədi İran hakimiyyətini yola gətirmək, maksimalist siyasətindən çəkindirmək və ölkənin Rusiya və Çinlə yaxınlaşmasının qarşısını almaqdır.

"Bu yolla ABŞ, İranın strateji resurslarını, enerji və digər təbii sərvətlərini öz xeyrinə yönəltməyi planlayır. Əgər ABŞ nəticə əldə edə bilməyəcəyini görsə, hərbi əməliyyatlar qaçılmaz olacaq. Belə halda, İrana qarşı elə hücumlar həyata keçiriləcək ki, sadəcə Xamenei deyil, bütün rejim dəyişəcək. Nəticədə, qərbin istədiyi bir hakimiyyət formalaşdırmaq mümkün olacaq. ABŞ bu planı nəzərdən keçirir, amma İran Suriya, Venesuela və ya İraq kimi dövlət olmadığı üçün bu prosesdə qeyri-müəyyənlik hələ də qalır. Həmçinin, əməliyyatların reallaşdırılmasında ABŞ-nin gücü və effektivliyi də sual altındadır".

Rəfiqə Namazəliyeva,

AzNews.az