Bolqarıstanın dövlət şirkəti olan "Bulgargaz" faktiki olaraq iflas vəziyyətindədir və onun əməliyyat dayanıqlığının saxlanılmasının yeganə səbəbi Azərbaycandan qaz tədarükü üzrə Bolqarıstan tərəfi üçün olduqca sərfəli olan uzunmüddətli müqavilədir.
Aznews.az xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Trayço Traykov bu ölkənin Milli Radiosunun efirində bildirib.
Onun sözlərinə görə, "Bulgargaz" şirkəti Türkiyənin dövlət neft-qaz şirkəti "BOTAŞ" ilə müqavilə üzrə öhdəliklərini yerinə yetirmir, bu da Ankara tərəfindən iddialar irəli sürüləcəyi təqdirdə ciddi risklər yaradır.
T.Traykov həmçinin 2022-ci ilin sonunda imzalanmış sazişin şərtlərinə yenidən baxılması məqsədilə ekspertlər və "BOTAŞ" nümayəndələri ilə görüşlər keçirmək niyyətində olduğunu bildirib. O vurğulayıb ki, Avropa İttifaqına (Aİ) Rusiya boru kəməri qazının idxalının tamamilə dayandırılacağı zaman - 2027-ci ilin sonuna qədər Avropa qaz bazarında vəziyyət əhəmiyyətli dərəcədə dəyişə bilər.
"Bulgargaz" rəhbərliyi şirkətin çətin maliyyə vəziyyətini "BOTAŞ" ilə müqavilənin şərtləri, eləcə də Bolqarıstan paytaxtında əsas mərkəzi istilik və isti su təchizatçısı olan "Toplofikatsiya-Sofiya" EAD şirkətinin borcu ilə izah edir.
Türkiyə tərəfi ilə saziş mayeləşdirilmiş təbii qaz terminallarına çıxışı və illik 1,5 milyard kubmetrə qədər qaz tədarükünü nəzərdə tutur, bu da ölkənin cari tələbatını üstələyir və Bolqarıstan tərəfini güclərin rezervasiyası üçün ödəniş etməyə məcbur edir. Müqavilə 2035-ci ilə qədər qüvvədədir.
"Toplofikatsiya-Sofiya"nın "Bulgargaz" qarşısında borcu 1,25 milyard levi (təxminən 615 milyon avro) keçir.
Azərbaycan Bolqarıstana təbii qazı Avropaya tədarükün şaxələndirilməsi üzrə strateji marşrut olan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edir. Qaz tədarükü aşağıdakı infrastruktur zənciri üzrə həyata keçirilir: Cənubi Qafqaz Boru Kəməri (SCP) ilə "Şahdəniz" yatağından Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyə sərhədinə, oradan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyə ərazisindən Yunanıstan sərhədinə qədər. Daha sonra Trans-Adriatik Boru Kəməri (TAP) ilə Yunanıstan ərazisi üzrə və TAP-ı Komotini rayonunda Stara Zaqoradakı Bolqarıstan qaz şəbəkəsi ilə birləşdirən 182 km uzunluğundakı Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə.
İlkin olaraq 2013-cü ildə 25 il müddətinə imzalanmış saziş ildə 1 milyard kubmetr qazın tədarükünü nəzərdə tuturdu. Lakin enerji böhranı və "Toplofikatsiya-Sofiya"nın artan tələbatı fonunda həcmlər tədricən artıb: 2024-cü ildə tədarük 1,896 milyard kubmetrə, 2025-ci ildə isə 1,931 milyard kubmetrə çatıb.
Hazırda Azərbaycan qazı Bolqarıstanın daxili istehlakının 70 %-dən 80 %-ə qədərini qarşılayır.
2024-cü ilin iyunundan etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təkcə "Bulgargaz" operatoruna qaz tədarükünü deyil, həmçinin Bolqarıstanın sənaye müəssisələrinə birbaşa satışları da həyata keçirməyə başlayıb. 2024-cü ilin sentyabrından ölkənin sosial obyektlərinə də birbaşa tədarüklər başlayıb.