UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ” səfərdə İngiltərə təmsilçisi “Nyukasl Yunayted”lə üz-üzə gəlib. “Sent Ceyms Park” stadionunda baş tutan görüş fevralın 25-də, saat 00:00-da start götürüb.
Matça fəal başlayan meydan sahibləri erkən dəqiqələrdə üstünlüyü ələ keçiriblər. Oyunun 5-ci dəqiqəsində Sandro Tonali hesabı açıb. Cəmi bir dəqiqə sonra Joelinton fərqlənərək “Nyukasl”ın üstünlüyünü iki topa çatdırıb – 2:0.
İkinci hissədə “Qarabağ” oyuna dönüş etməyə çalışıb. 51-ci dəqiqədə Kamilo Duran dəqiq zərbə ilə fərqi azaldıb və hesabı 2:1 edib. Lakin bundan cəmi bir dəqiqə sonra Botman yenidən meydan sahiblərini sevindirərək tabloya 3:1 yazdırıb.
Qurban Qurbanovun komandası təslim olmayıb. 57-ci dəqiqədə Elvin Cəfərquliyev fərqlənərək hesab arasındakı fərqi minimuma endirib – 3:2. Qarşılaşmanın qalan dəqiqələrində başqa qol qeydə alınmayıb.
Beləliklə, 3:2 hesablı məğlubiyyət “Qarabağ” üçün UEFA Çempionlar Liqasındakı mübarizənin sonu olub.
AzNews.az