MIT professoru: Azərbaycan təhsildə süni intellektin düzgün tətbiq modelini qurmalıdır

25 Fevral 2026 12:49 (UTC+04:00)

Aznews.az “APA-Economics”ə istinadən Massaçusets Texnologiya İnstitutunun professoru, MIT RAISE (etik və təhlükəsiz süni intellekt və təhsil təşəbbüsü) proqramının rəhbəri, süni intellekt və sosial robot texnologiyaları tədqiqatçısı Sintiya Brizel ilə müsahibəni təqdim edir:

Süni intellekt savadlılığının üç əsas istiqaməti

Siz MIT RAISE təşəbbüsünə rəhbərlik edirsiniz və bu təşəbbüs etik və təhlükəsiz süni intellekt, sosial gücləndirmə və təhsilə fokuslanır. Orta təhsil müddətində hər bir şagird süni intellekt savadlılığı baxımından hansı əsas elementləri mənimsəməlidir?

– Süni intellekt savadlılığından danışarkən biz üç əsas inkişaf istiqamətini nəzərdə tuturuq.

Birincisi bilik istiqamətidir. Şagirdlər yaş və sinif səviyyəsinə uyğun olaraq süni intellektin necə işlədiyini başa düşməlidirlər ki, bu texnologiya onlar üçün sirli və anlaşılmaz qalmasın. Eyni zamanda, onlar süni intellektlə düzgün dizayn etməyi, yəni etik və təhlükəsiz şəkildə sistem qurmağı öyrənməlidirlər.

İkinci istiqamət məsuliyyətli istifadədir. Şagirdlər istifadə etdikləri rəqəmsal məhsul və ya xidmətlərdə süni intellektin tətbiq olunub-olunmadığını tanıya bilməlidirlər. Onlar texnologiyanın həm müsbət faydalarını, həm də potensial risklərini və mənfi nəticələrini başa düşməlidirlər. Bu, süni intellekt dövründə rəqəmsal vətəndaşlığın əsas hissəsidir.

Üçüncü istiqamət gücləndirmədir, yəni texnologiya vasitəsilə yaratmaq və problemləri həll etmək bacarığı. İnsanlar süni intellekt alətlərindən istifadə edərək öz həyatlarını, cəmiyyətlərini və hətta planetin gələcəyini yaxşılaşdırmağı öyrənməlidirlər. Bu proses insan mərkəzli və etik yanaşma əsasında qurulmalıdır.

Bununla yanaşı, biz bu sahəni yalnız texniki bacarıqlarla məhdudlaşdırmırıq. Tənqidi düşüncə, yaradıcı problem həlli, təşəbbüskarlıq, öz öyrəndiyinə sahib çıxmaq, əməkdaşlıq və ünsiyyət bacarıqları da inkişaf etdirilməlidir. Süni intellekt savadlılığı kurikulumu bu bacarıqları da əhatə etməlidir.

Süni intellektin orta təhsildə tətbiqi

– Azərbaycan Elm və Təhsil Nazirliyi süni intellekt əsaslı şagird və müəllim dəstək sistemləri ilə “rəqəmsal məktəb” layihələrinə başlayıb. Sizcə, bu sistemlərin effektiv və təhlükəsiz olması üçün hansı prinsiplər vacibdir?

– Hazırda süni intellekt əsaslı tədris sistemlərinə böyük maraq var. Amma bu sahə hələ erkən mərhələdədir və bu sistemlərin effektivliyi tam qiymətləndirilməyib.

Biz bilirik ki, süni intellekt əsaslı tədris sistemləri şagirdlərin nəticələrini yaxşılaşdıra bilər, lakin bunun üçün onlar sağlam pedaqoji prinsiplərə uyğun olmalıdırlar. Süni intellekt insanların necə öyrəndiyinə dair fundamental prinsipləri dəyişmir. Uşaqların öyrənməsi ilə bağlı uzun illərin araşdırmaları var və sistemlər bu elmi əsaslara uyğun qurulmalıdır.

Hazırda hansı sistemin kim üçün və hansı şəraitdə daha effektiv işlədiyini daha dərindən anlamağa ehtiyac var. Yəni kontekst, şagird qrupu və tətbiq mühiti nəzərə alınmalıdır.

Burada müəllimin rolu həlledicidir. Süni intellekt sisteminin dizaynı ilə yanaşı, müəllimin bu texnologiyanı sinifdə necə təqdim etməsi və istifadə etməsi nəticəyə birbaşa təsir göstərir. Buna görə müəllimlərin özlərinin də süni intellekt savadlı olması vacibdir.

Süni intellektə həddindən artıq güvənmək riski

– Bu texnologiyalara həddindən artıq güvənmək məktəblilər arasında fəsad yarada bilərmi?

– Generativ süni intellektdən, yəni mətn, şəkil və digər məzmun yaradan sistemlərdən istifadə etmək özü də bir bacarıqdır. Daha yüksək nəticə göstərən şagirdlər sistemə daha məqsədli sorğular verirlər. Bu bacarıq bütün şagirdlərə öyrədilməlidir ki, süni intellekt onların öyrənməsini gücləndirsin.

Amma həddindən artıq asılılıq riski mövcuddur. Şagirdlər bu texnologiyalara çox güvənsələr, tənqidi düşüncə və yaradıcılıq bacarıqları zəifləyə bilər. Əgər ağlı bir əzələ kimi düşünsək, onu inkişaf etdirmək üçün işlətmək lazımdır. Süni intellekt düşünmənin yerini tutmamalı, onu dəstəkləməlidir. Şagirdlər öz öyrənmələrinə sahib çıxmalı və bu alətləri inkişaf üçün istifadə etməlidirlər.

Azərbaycan üçün tövsiyə olunan model

– Azərbaycanda tətbiq oluna biləcək praktik və nümunəvi süni intellekt və təhsil modeli kimi hansı yanaşmanı tövsiyə edərdiniz və onun uğuru hansı meyarlarla qiymətləndirilə bilər?

– Azərbaycanda tətbiq oluna biləcək model kimi MIT RAISE çərçivəsində həyata keçirdiyimiz “Day of AI” proqramının lokallaşdırılmış versiyasını tövsiyə edərdim. Bu, süni intellekt savadlılığı üzrə qısa formatlı tədris təşəbbüsüdür və artıq 170-dən çox ölkədə tətbiq olunur. Proqram çərçivəsində 75 mindən çox müəllim hazırlanıb və onlar vasitəsilə 2 milyondan artıq şagirdə süni intellekt savadlılığı öyrədilib.

Biz ölkələrlə, xüsusilə Təhsil nazirlikləri ilə işləyərkən, materialları tərcümə edir və lokallaşdırırıq. Daha sonra təlimçilərin hazırlanması modeli tətbiq olunur. Bu yanaşma yerli müəllimlərin proqramı mənimsəməsinə və onu ölkə üzrə genişləndirməsinə imkan yaradır.

Proses adətən pilot mərhələdən başlayır. Pilot mərhələdə lokallaşdırılmış materiallar sınaqdan keçirilir, nəticələr qiymətləndirilir və daha sonra geniş tətbiq mərhələsinə keçilir.

Uğurun qiymətləndirilməsi beynəlxalq kompetensiya çərçivələrinə əsaslanır, o cümlədən UNESCO və OECD tərəfindən müəyyən edilmiş süni intellekt bacarıq göstəricilərinə uyğun aparılır. Ölçmə üç əsas istiqamət – bilik, düzgün istifadə və gücləndirmə üzrə aparılır.

Aznews.az