“Trampın sərt ritorikası siyasi təzyiq alətidir” – Elçin Mirzəbəyli

25 Fevral 2026 17:35 (UTC+04:00)

"Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Donald Trampın İranla bağlı sərt bəyanatları və buna cavab olaraq Abbas Araqçinin açıqlamaları siyasi ritorikanı daha təhlükəli mərhələyə keçirir. Lakin məsələyə emosional deyil, strateji müstəvidə yanaşmaq daha doğru olar. Trampın “İran niyə təslim olmayıb?” sualı əslində yeni yanaşma deyil. Bu, Vaşinqtonun uzun illərdir tətbiq etdiyi “maksimum təzyiq” siyasətinin ritorik davamıdır. Birləşmiş Ştatlar İranı iqtisadi sanksiyalar, diplomatik təcrid və hərbi deterrensiya vasitəsilə davranış dəyişikliyinə məcbur etməyə çalışır. Bu üslubun məqsədi birbaşa müharibə başlatmaqdan çox, psixoloji üstünlük yaratmaq və qarşı tərəfi daha sərfəli şərtlərlə danışıqlara məcbur etməkdir. Lakin belə ritorika regionda onsuz da kövrək olan təhlükəsizlik mühitini daha da gərginləşdirir və səhv hesablamalar riskini artırır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidenti Donald Trampın İranın niyə hələ də təslim olmadığını soruşan açıqlamasına cavab verib. Araqçi vurğulayıb ki, İran xalqı heç vaxt təslim olmayacaq. Onun sözlərinə görə, “Niyə təslim olmadığımızı soruşursunuz? Çünki biz iranlıyıq”. Qeyd edilir ki, Orta Şərqdə gərginlik gündən-günə artır və mümkün müharibə ehtimalı daha aydın hiss olunur. Bildirilir ki, ABŞ-nin İrana qarşı hərbi müdaxiləsi üçün demək olar ki, bütün şərtlər formalaşıb. Tərəflər arasında qarşılıqlı sərt bəyanatlar isə ardıcıl şəkildə davam edir.

Deputat qeyd edib ki, ABŞ–İran birbaşa müharibəsi mümkündür, lakin bu, yüksək riskli və baha başa gələn ssenaridir.

"İranın hərbi və iqtisadi potensialı ABŞ ilə müqayisəolunmaz dərəcədə zəifdir. Buna görə də Tehran klassik müharibədən daha çox dolayı və asimmetrik cavab mexanizmlərinə üstünlük verə bilər. Digər tərəfdən, Vaşinqton üçün də genişmiqyaslı müdaxilə strateji baxımdan mürəkkəbdir. İraq və Əfqanıstan təcrübəsi göstərir ki, Yaxın Şərqdə hərbi əməliyyatların nəticəsi gözləniləndən fərqli ola bilər. Bu səbəbdən Trampın sərt ritorikasını dərhal müharibə qərarı kimi yox, daha çox siyasi təzyiq aləti kimi qiymətləndirmək daha rasionaldır. Əgər hərbi qarşıdurma baş verərsə, nəticələr yalnız ABŞ və İranla məhdudlaşmayacaq. Körfəz regionunda təhlükəsizlik arxitekturası yenidən formalaşa, Enerji bazarlarında kəskin dalğalanma baş verə bilər. Həmçinin regional oyunçuların, xüsusilə İsrail və ərəb ölkələrinin rolunun artması, böyük güclər arasında rəqabətin yeni mərhələyə keçməsi mümkündür. Lakin İranın mövqeyi nə qədər sərt səslənsə də, onun manevr imkanları məhduddur. İqtisadi sanksiyalar və daxili struktur problemlər Tehran üçün uzunmüddətli hərbi eskalasiyanı davamlı strategiyaya çevirməyi çətinləşdirir. Trampın ritorikası gərginliyi artırır və riskləri yüksəldir. Lakin mövcud şəraitdə tərəflər üçün birbaşa müharibə rasional seçim deyil. Bu mərhələdə qarşılıqlı bəyanatlar daha çox strateji mesajlaşma xarakteri daşıyır.

Region üçün əsas təhlükə müharibədən çox, nəzarətsiz eskalasiya və səhv hesablama ehtimalıdır. Yaxın Şərqdə sabitlik emosional bəyanatlardan deyil, soyuq geosiyasi hesablamalardan asılı olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az