"Təbii ki, Ermənistan dəmir yollarının Rusiyaya aid şirkətin nəzarətində olması Tramp marşrutunun reallaşmasına müəyyən əngəllər törədə bilər, hətta əngəllər yaratmasa da prosesi ləngidə bilər. Eyni zamanda, Kreml Paşinyan hakimiyyətinə qarşı bütün vasitələrdən istifadə etdiyi kimi, Zəngəzur Dəhlizi məsələsini də Ermənistan cəmiyyətinə Rusiyanın maraqları çərçivəsində şərh edir. Bu, parlament seçkiləri ərəfəsində daha intensiv xarakter daşıya bilər. Lakin Rusiyanın Zəngəzur Dəhlizini bloklamaq imkanları artıq demək olar ki, qalmayıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, son günlər TRIPP (“Tramp yolu”) və ya Zəngəzur dəhlizinin açılması ilə bağlı açıqlamalar geniş müzakirə olunur. Ermənistan tərəfi dəhlizin fəaliyyətə başlamasını istədiyini bildirir, lakin ölkənin dəmir yollarının Rusiyanın nəzarətində olması bu prosesi ləngidən əsas amil kimi göstərilir. Ekspertlər hesab edirlər ki, Moskva bu məsələni sadəcə nəqliyyat və iqtisadi maraqlar baxımından deyil, eyni zamanda Ermənistanın yaxınlaşan parlament seçkilərinə təsir göstərmək üçün strateji vasitə kimi istifadə etməyə çalışır.
Siyasi şərhçi qeyd edib ki, Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində mövqeyini qoruyarsa, dəhlizin açılması qaçılmazdır.
"Rusiyanın əlində yeganə vasitə Ermənistan hakimiyyətinin dəyişməsi və Kremlin agentura şəbəkəsi, o cümlədən Köçəryan-Sarkisyan klanının nümayəndələrinin hakimiyyətə gəlməsi ola bilər. Bu halda Kremlin məqsədi Tramp marşrutunun reallaşmasının qarşısını almaq olacaq. Lakin Paşinyan qalib gələcəyi təqdirdə Rusiya artıq bu prosesi əngəlləyə bilməyəcək. Hazırda Paşinyan hakimiyyəti iki variant üzərində işləyir: 1. Rusiya Tramp marşrutuna aid ərazidə dəmir yolunu bərpa etsin və Ermənistan bunun maliyyə dəyərini ödəsin. 2. Əgər Rusiya bunu istəməzsə, Ermənistan dəmir yolunu öz büdcəsi hesabına bərpa edəcək. Hər iki halda Rusiyanın Zəngəzur Dəhlizinin açılmasında prosesi bloklama imkanı olmayacaq. Baş nazir Nikol Paşinyanın Rusiyaya ünvanladığı müraciət də bu mənada hiyləgər bir manevr xarakteri daşıyır. Rusiya seçim qarşısında qalır: ya dəmir yolunu bərpa edib maliyyə vəsaiti qazanacaq, ya da imtina edib kənarda dayanacaq və Ermənistan öz ərazisində dəhlizin keçəcəyi bölgədə dəmir yolunu bərpa edəcək. Beləliklə, yalnız Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəyi halda prosesdə müəyyən problemlər yarana bilər. Digər hallarda isə ABŞ ilə ortaq şəkildə Ermənistan layihənin icrası üçün bütün lazım olan addımları atmaq imkanına malikdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az