Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə yeni sənədli film təqdim olunub

25 Fevral 2026 18:43 (UTC+04:00)

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə "Xocalı: Əsir uşaqlıq" adlı sənədli filmin təqdimatı keçirilib.

Aznews.az xəbər verir ki, ekran əsəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində istehsal olunub.

Əvvəlcə Xocalı faciəsinə dair fotoşəkillərdən ibarət xüsusi sərgi təşkil olunub. Məqsəd Xocalı sakinlərinin üzləşdiyi dəhşətli hadisələri bir daha yaddaşlara həkk etmək və soyqırımı qurbanlarının xatirəsini anmaq olub.

Sənədli filmdə Xocalıda məskunlaşmış Məmmədovlar ailəsinin 8 nəfər üzvünün girov götürülməsi, onların məruz qaldığı faciəvi hadisələr və şahidlərin ifadələri geniş şəkildə əks etdirilib.

Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Naqif Həmzəyev Xocalı faciəsindən bəhs ediblər. Onlar bu hadisənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi tarixdə qaldığını bildiriblər.

Daha sonra "CVN Group"un baş direktoru, filmin yaradıcısı Səbinə Məlikova və soyqırımın canlı şahidi Mürvət Məmmədov çıxış edərək erməni girovluğunda yaşanan dəhşətlərin heç vaxt unudulmamasının zəruriliyini diqqətə çatdırıblar.

Azərbaycan Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərvanə Cəlallı "Xocalı: Əsir uşaqlıq" sənədli filminin təqdimatı zamanı media nümayəndələrinə filmin çəkilməsinin məqsədini açıqlayıb:

"Film Xocalı soyqırımını həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmaq, bu faciəni gündəmdə saxlamaq və milli yaddaşı möhkəmləndirmək məqsədi daşıyır".

Qeyd olunub ki, sənədli film Gənclər Fondu, "Belə-belə işlər" və CVN TV, eləcə də "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.