"Bu faciə Azərbaycan xalqının tarixi yaddaşında əbədi həkk olunmuş bir həqiqətdir. Eyni zamanda, Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin apardığı uzunmüddətli və məqsədyönlü xarici siyasət nəticəsində bu hadisə bu gün artıq təkcə Azərbaycan xalqının deyil, dünya ictimaiyyətinin, yüzlərlə ölkənin vətəndaşlarının yaddaşında 1992-ci ildə Azərbaycan xalqının başına gəlmiş ağır bir faciə kimi xatırlanır. Hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz, nümayəndəliklərimiz, eləcə də həmin ölkələrdə yaşayan ziyalılar və siyasi xadimlər bu faciənin ildönümünü hər il anırlar. Deməli, biz bu faciəni dünya ictimaiyyətinə çatdırmaqla təkcə xalqımızın başına gələn bu ağır hadisənin nəticələrini göstərmirik, eyni zamanda insanlığa qarşı bu kimi cinayətlərin bir daha baş verməməsi üçün dünya ictimaiyyətini səfərbər etməyə yönəlmiş ciddi və əhəmiyyətli addımlar atırıq. Məlumdur ki, İkinci Dünya müharibəsi zamanı faşistlərin yəhudi xalqına qarşı törətdiyi cinayətlər bu gün də dünya miqyasında anılır və XX-ci əsr boyunca beynəlxalq ictimaiyyət belə hadisələrin bir daha təkrarlanmaması üçün nasizmin qarşısının alınması siyasətini qorumağa çalışmışdır. Təbii ki, biz də bu faciənin insanlığa qarşı nə qədər təhlükəli olduğunu özümüz anmaqla yanaşı, dünya ictimaiyyətinə çatdırmaqla, beynəlxalq səviyyədə səfərbərlik istiqamətində olduqca əhəmiyyətli və məqsədyönlü işlər görmüşük. Dövlətimiz bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərmişdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Xatırladaq ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxmış ən ağrılı hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhali arasında törədilən qırğın minlərlə insanın həyatına son qoymuş, çoxsaylı yaralanmalar və itkilərlə nəticələnmişdir. Bu hadisələr yalnız tarixi bir faciə kimi deyil, həm də sosial, psixoloji və mədəni təsirləri ilə cəmiyyətin kollektiv yaddaşında silinməz iz qoymuşdur.
Sosioloq qeyd edib ki, faciənin üzərindən uzun zaman keçməsinə baxmayaraq, bu hadisə hələ də Azərbaycan xalqının yaddaşında dərin izlər buraxmaqdadır.
"Bu hadisə yalnız yaşlı nəslin deyil, bu gün məktəblərdə, ali təhsil müəssisələrində və kütləvi informasiya vasitələrində geniş şəkildə tədris və təhlil olunmaqla, elmi ictimaiyyətdə müzakirə edilməklə yeni nəslin də milli mənlik şüuruna hopmuşdur. Bu faciə hər zaman xalqımız tərəfindən ehtiramla anılır, qurbanların xatirəsi uca tutulur. Bu gün həmin faciənin baş verdiyi şəhər və bütövlükdə Qarabağ ərazilərimiz azad edilmişdir və biz suveren dövlətik. Lakin nə qədər ki dünya mövcuddur, bu faciənin anım günü və onun təbliği davam etdirilməlidir ki, istər regionda, istərsə də dünyada bu cür cinayətləri törədən və ya törətmək niyyətində olan siyasi qüvvələr bir daha formalaşmasın. Bu baxımdan faciənin anılması olduqca mühüm əhəmiyyət kəsb edir və onun təbliği istiqamətində görülən işlər bu gün də uğurla davam edir və daim davam etməlidir. Ermənistanla aramızda olan və ya gələcəkdə ola biləcək hər hansı sülh sazişi belə bu faciəni Azərbaycan xalqına unutdura bilməz. Çünki bu faciəni törədən şəxslərin bir qismi artıq Azərbaycan məhkəməsi qarşısında cavab vermiş, digərləri isə hələ də Ermənistanda azadlıqda qalmaqdadır. Ümid edirik ki, gələcəkdə Ermənistan və Azərbaycan arasında münasibətlərdə elə bir mərhələ yaranacaq ki, Ermənistanın rəsmi nümayəndələri də bu faciənin anım mərasimlərində iştirak edəcək, qurbanların xatirəsi qarşısında baş əyəcək və bu cinayəti törədən şəxslərin cəzalandırılması istiqamətində real addımlar atılacaq. Kollektiv yaddaşın formalaşmasında məktəblərdə aparılan işlər və psixoloji yanaşma böyük rol oynayır. Bu gün ölkəmizin bütün məktəblərində Xocalı faciəsi qurbanları bir dəqiqəlik sükutla yad edilir, həmin dərslərdə hadisənin tarixi və mahiyyəti ətraflı təhlil olunur. Bu hadisə yalnız anım günləri ilə məhdudlaşmır, müxtəlif təhsil proqramlarına və layihələrə də daxil edilmişdir. Biz bu mübarizəni – qurbanların xatirəsinin yaşadılması və həqiqətlərin dünyaya çatdırılması missiyasını davam etdirməliyik. Bu, insanlığa qarşı belə cinayətlərin bir daha baş verməməsi üçün aparılan ümumbəşəri səfərbərlikdir. Xocalı faciəsi böyük sarsıntıdır. Bu gün də yaşlı nəslin, hadisənin şahidi olan insanların bir çoxu həmin psixoloji sarsıntını yaşayır. Eyni zamanda, bu faciəni əks etdirən filmləri izləyən xarici vətəndaşların da qətlə yetirilmiş, donaraq həyatını itirmiş uşaqları gördükdə necə sarsıldıqlarına şahid olmuşuq. XX əsrdə nasizmin yəhudilərə qarşı törətdiyi cinayətlərlə Xocalıda törədilən vəhşiliklər arasında oxşarlıq mövcuddur. Bu baxımdan Azərbaycanın strateji müttəfiqi olan İsrail dövləti ilə də tarixi taleyin müəyyən paralelləri diqqət çəkir: hər iki xalq uşaqların, qadınların, yaşlıların kütləvi şəkildə məhv edildiyi faciələrlə üzləşmişdir. Xocalı faciəsi eyni zamanda Azərbaycan xalqını müstəqillik ideyalarından çəkindirmək, onu qorxutmaq və əzmək məqsədi daşıyırdı. Bu hadisə həm ərazi iddiaları, həm də Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin planlı addımı idi. Lakin tarix göstərdi ki, bu faciə bizi qorxutmadı, əksinə, daha da birləşdirdi. Böyük xalqlar sarsıntı anlarında güclü lider ətrafında birləşməyi bacarırlar. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, həmin çətin dövrdə ümummilli lider hakimiyyətə qayıtdı və xalq bu sarsıntının öhdəsindən gələ bildi. Bu gün media bu istiqamətdə çox mühüm rol oynayır. Xocalı faciəsi həm yerli, həm də beynəlxalq mediada daha geniş şəkildə işıqlandırılır, sosial medianın imkanları bu təbliği daha da gücləndirir. Bütün Xocalı soyqırımı qurbanlarına Allah rəhmət eləsin. Onlar bizim iftixarımızdır. Bütün şəhidlərimizə Allah rəhmət eləsin – onlar bizim qürur mənbəyimizdir. Bu faciəni anmaqla biz milli qürurumuzu möhkəmləndirir, birliyimizi daha da gücləndiririk. Əminəm ki, zaman keçdikcə bu faciəni tanıyanların sayı dünyada daha da artacaq. Azərbaycanın artan rolu, dövlətimizin gücü və cənab Prezidentin apardığı siyasət Xocalı faciəsinin beynəlxalq miqyasda daha dərindən tanınmasına şərait yaradır. Biz bu faciəni daim xatırlamalı, kollektiv və fərdi şüurumuzda yaşatmalı və bir daha insanlığa qarşı belə cinayətlərin baş verməməsi üçün səfərbərliyimizi davam etdirməliyik".
Rəfiqə Namazəliyeva,
AzNews.az