“Azərbaycan və Türkiyə koordinasiyalı şəkildə mümkün risklərə qarşı hazır olmalıdır” – Əli Mustafayev

25 Fevral 2026 19:43 (UTC+04:00)

"Türkiyə əlbəttə ki, İran-ABŞ müharibəsini istəməyən dövlətdir və siyasi mövqeyini açıq şəkildə ortaya qoyub. Düşünürəm ki, hətta ABŞ-İran danışıqlarının başlanmasında Türkiyənin rolu böyük olub. Təəssüf ki, İran danışıqların Türkiyə ərazisində keçirilməsini istəmədi. Əvvəl Omanı, indi isə İsveçrədə, Oman səfirliyində görüşlər aparır. Böyük ehtimalla Türkiyədə, İstanbulda və ya Ankarada bir görüş təşkil olunsaydı, ölkə prosesə daxil olaraq danışıqların müsbət nəticələnməsinə dəstək verərdi. Lakin İran bunu istəməyərək, görüş üçün regiondan uzağı, Omanı seçdi. Bu, İranın şəxsi seçimidir. Bütün hallarda, Türkiyə müharibədə tərəf olmaq istəmədiyini ortaya qoyub. Eyni zamanda, mümkün təhlükələrə qarşı hazırlıqlı olmalıdır. Xüsusilə Güney Azərbaycanından Türkiyəyə ola biləcək köçə qarşı tədbirlər görülməlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maliki bildirib ki, ABŞ və İran arasında baş verə biləcək müharibə uzunmüddətli və tükədici olacaq: "Müharibə baş verərsə, məhdud çərçivədə qalmaz. Onun təsiri uzun sürəcək və regiondakı bir çox ölkələri əhatə edəcək,” – deputat açıqlamasında qeyd edib. Bu açıqlamanın fonunda “Reuters” agentliyi Türkiyənin diplomatik mənbələrinə istinadla xəbər yayıb. Mənbələr bildiriblər ki, Türkiyə ABŞ və İran arasında müharibə baş verəcəyi təqdirdə mümkün bütün addımları nəzərdən keçirir: "Hadisələr mənfi istiqamət alarsa, atıla biləcək bütün tədbirlər qiymətləndirilir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün mümkün tədbirlər planlaşdırılır. Lakin İranın suverenliyinə zərər verəcək hər hansı bir addım gündəmdə deyil,” – türk diplomat agentliyə açıqlamasında vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, regionda hər hansı humanitar fəlakət riskinə qarşı Türkiyənin hazırlığı bu istiqamətdədir.

"Azərbaycan tərəfi də oxşar yanaşmanı sərgiləməlidir. Müharibə halında Güney Azərbaycanından köç və digər humanitar risklər Azərbaycan üçün də real ola bilər. Güney Azərbaycandakı insanlar silahsızdır və müharibə zamanı etnik qarşıdurma riskləri mövcuddur. Bu səbəbdən, həm Türkiyə, həm də Azərbaycan Türk millətinin qorunmasına xüsusi diqqət göstərməlidir. Bu, hər iki dövlətin təbii haqqıdır və heç kim buna mane ola bilməz. Hazırda Türkiyə vasitəçilik mövqeyində israr etməsə də, tərəflər istəsə, yenə rol ala bilər. Ölkə həm İran, həm də ABŞ ilə əlaqələr çərçivəsində münaqişənin qarşısını almağa çalışır və danışıqlarla həllə üstünlük verir. Regiondakı risklər nəzərə alındıqda, Türkiyə yalnız humanitar səbəblərlə prosesə qarışacaq. Əks halda, neytral qalacaq və tərəflərdən heç birini dəstəkləməyəcək. Hər hansı təhdid və ya anlaşılmazlıq yaranarsa, Türkiyənin müdafiə hüququ var. Bu, Azərbaycan üçün də eynidir. Ümid edək ki, müharibə olmayacaq və İran-ABŞ uzlaşaraq münaqişəsiz həll yolunu seçəcək. Məsələlər ciddidir, amma Türkiyə regiondakı prosesləri diqqətlə izləyir və lazım gəldikdə adekvat addımlar atacaq. Azərbaycan və Türkiyə də bu məsələdə koordinasiyalı fəaliyyət göstərəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az