“Sosial şəbəkələr həyatın bir hissəsidir və onları təcrid etmək mümkün deyil” – Naib Niftəliyev

25 Fevral 2026 20:30 (UTC+04:00)

"Müxtəlif sosial platformalardan istifadə tərzləri və üsulları hər kəs üçün fərdi və fərqlidir. Təbii ki, gənclər, məşhurlar və tanınmamış şəxslər burada müəyyən məqsədlərlə fəaliyyət göstərirlər. Bu məqsəd əsasən özünü ifadə etmək və özünə təsdiq axtarışından ibarətdir və hər kəs özünə məxsus meyarlarla bunu qiymətləndirir. Aydındır ki, istənilən sosial media və sosial şəbəkələr – TikTok, Facebook, Twitter və digər platformalar – münasibətləri aydınlaşdırmaq və ya mübahisələri həll etmək üçün nəzərdə tutulmayıb. Davanın davamı, yersiz mübahisələr, söyüş və təhqir burada heç bir yer tutmur. Bu, həm məşhurların, həm də adi vətəndaşların ünsiyyətində tətbiq edilməli olan bir prinsiptir. Lakin bu şəbəkələrdə fəaliyyət məkanının açıq-azad olması və nəzarət mexanizmlərinin mürəkkəbliyi bəzi insanların sərt, açıq-saçıq və qeyri-etik davranışlarına şərait yaradır".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, son illərdə sosial media platformaları, xüsusilə TikTok, gənclər arasında yalnız əyləncə məkanı deyil, həm də ictimai münasibətlərin və mübahisələrin açıq şəkildə nümayiş olunduğu sahəyə çevrilib. Canlı yayımlarda baş verən davalar və qarşıdurmalar, məşhurların şəxsi problemlərini ictimaiyyətə çatdırması kimi hallarla gündəmə gəlir. Bu proses həm məşhurların nüfuzuna təsir edir, həm də izləyici kütləsinin davranış və reaksiyalarını formalaşdırır. Belə halların təhlili cəmiyyətin sosial davranış modellərini, gənclərin konflikt həll etmə üsullarını və sosial medianın ictimai təsirini anlamaq baxımından maraqlıdır.

Sosioloq qeyd edib ki, TikTokda bu problemlər daha açıq və nəzərəçarpandır.

"Platforma bəzi məhdudiyyətlər tətbiq edir, digər şəbəkələr də oxşar addımlar atır. Şikayətlər dərhal qiymətləndirilir, tədbir görülür və paylaşım silinə bilər. Bu nəzarət mexanizmi ictimai qınaq və şikayətlərin təsirini artırır, lakin gənclərin bəzi davranışlarını tam nizamlaya bilmir. Məşhurların davranışı həmişə nümunə ola bilməz və ideal model kimi qəbul olunmur. Onların nüfuzu və fəaliyyəti gənclərə təsir göstərsə də, bu təsir həmişə faydalı olmur və bəzən mənfi də ola bilər. Bunun obyektiv və subyektiv səbəbləri var. Gənclər bir şəxsə bağlanmaq əvəzinə çoxsaylı alternativlər və fərqlilik axtarışındadırlar. Bu, texnologiyanın təqdim etdiyi imkanlarla əlaqədardır. Sosial şəbəkələr həmçinin iş, kariyera, təhsil və gəlir imkanlarını araşdırmaq üçün əvəzsiz vasitədir. İnsanlar bəzən əyləncə, təhsil və iş imkanlarını bir arada axtarırlar. Lakin məşhurlar və adi istifadəçilər arasında mübahisələr tez-tez yayılır. Normal çıxışlar belə təhrif edilə bilər, ictimai qınaq və hüquqi nəticələrə səbəb ola bilər. Sosial şəbəkələr həyatın bir hissəsidir və onları həyatdan təcrid etmək mümkün deyil. Kamera və klaviatura arxasında mübahisə edən insanlar, uzaq məsafədən belə, konfliktlərini həyata daşıya və zərər verə bilərlər. Zorakılığın sosial şəbəkələrə keçməsi insan fəaliyyətinin görünməyən və ziddiyyətli tərəflərini ortaya çıxarır. Gənclərin əksəriyyəti qaydalara riayət etsə də, yenilik və fərqlilik axtarışındadır. Bu, cəmiyyətdə mövcud sosial-iqtisadi boşluqları və bəzi bürokratik əngəlləri önə çıxarır. Bu səbəbdən gənclər bəzən qeyri-konstruktiv nümunələri izləməyə meyilli olurlar. Buna qarşı olaraq, gənclərə faydalı, məhsuldar və müsbət nümunələr təqdim etmək vacibdir. Daha effektiv, əyləncəli, diqqət cəlb edən və gəlir gətirən fəaliyyətlər onların enerjisini müsbət istiqamətdə yönəldir. Bu, həm təbliğat, həm maarifləndirmə, həm də praktik sosial modellərin tətbiqinin vacib olduğunu göstərir. Yekun olaraq, marifləndirmə yalnız sözlə kifayət etməməli, praktikada tətbiq olunmalıdır. Gənclərə real fayda verən, onların hərəkətliliyini müsbət məcrada yönləndirən nümunələr təqdim edilməli və sosial platformaların imkanlarından düzgün istifadə öyrədilməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az