"Xatırladım ki, ötən il Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə Türkiyəyə rəsmi səfər edib və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Bu, illər sonra tarixdə ilk dəfə baş verən səfər idi. İki ölkə arasında diplomatik münasibətlər 1990-cı illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə sıfıra enmişdi. Bu təmassızlıq 2021-ci ilədək davam etdi. Azərbaycanın şanlı Zəfəri ilə ərazilərimiz işğaldan azad olundu və regionda reallıqlar dəyişdi. Hazırda Ermənistanın Azərbaycanla normallaşma prosesi davam edir. Belə bir dövrdə Ermənistanla Türkiyə arasında diplomatik danışıqlar da yeni mərhələyə qədəm qoyub. Zəfərdən sonra birbaşa uçuşların bərpasından savayı, normallaşma yönündə digər addımlar atılmamışdı".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüş zamanı Türkiyə ilə sərhədin açılması məsələsi ilə bağlı yeni açıqlamalar verib. O bildirib ki, sərhəd infrastrukturu yaradılarkən Avropa İttifaqının dəstəyinə ümid edir. "Hazırda hava sərhədi açıqdır. Ermənistandan Türkiyəyə müntəzəm uçuşlarımız mövcuddur və ikitərəfli uçuşların sayının artacağını gözləyirik. Eyni zamanda, quru sərhədinin də açılmasını arzulayırıq. Bunun üçün Türkiyə ilə sərhəddə yeni infrastruktur qurulmasına ehtiyac var və hazırda Aİ ilə bu prosesdə mümkün dəstəyin yollarını müzakirə edirik”, – deyə Paşinyan vurğulayıb. Baş nazir həmçinin Ermənistanın Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınları üçün uyğun marşrut təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Deputat qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında dəmir yolu əlaqəsi mövcud idi, lakin sərhədlərin təxminən 30 il bağlı qalması səbəbindən hazırda işlək deyil.
"Türkiyə 1991-ci ildə Ermənistanı işğalçı ölkə olaraq tanıdı və dəmir yolu ilə quru yolu sərhədləri daxil olmaqla iki sərhəd qapısını bağladı. 2021-ci ildən bəri isə tərəflər əlaqələrin bərpası üçün xüsusi nümayəndələr təyin ediblər. Sülhə gedən yolda ən strateji məsələlərdən biri olan Zəngəzur dəhlizi / TRİPP layihəsində Türkiyə də ayrılmaz tərəfdir. Türkiyəni Naxçıvan vasitəsilə Azərbaycana bağlayacaq dəmir yolu və quru yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Bu məsələ Ararat Mirzoyan ilə Marko Rubio arasında imzalanmış TRİPP marşrutu üzrə İcra Çərçivə sənədində də yer alır. Marşrutun işə düşməsi Ermənistanla Türkiyə arasında normallaşma prosesinə dəstək olacaq. Dəhliz layihəsinə Avropa İttifaqı da maraq göstərir. Bu layihə Asiya ilə Avropanı birləşdirəcək beynəlxalq marşrutun tərkib hissəsi olacaq. Aİ üçün etibarlı logistika və alternativ marşrut Rusiya–Ukrayna müharibəsi kontekstində olduqca vacibdir. Bu baxımdan Cənubi Qafqazda əldə olunan sabitlik və təhlükəsizlik Aİ-ni bölgədə bağlantı layihələrinə sərmayə yatırmağa maraqlı edir. Normallaşma prosesində irəliləyişlərdən biri də iki ölkənin tranzit yollarını açmasıdır. Azərbaycan Ermənistanla bağlı olaraq öz ərazisini tranzit üçün açıb. Ermənistan isə hava yolu tranzitini Azərbaycan təyyarələri üçün açıb — Türkiyəyə gediş-gəliş məqsədilə. Ermənistan öz ərazisini Türkiyəyə quru yolu tranziti üçün Azərbaycana açdığını bəyan edə bilər, lakin faktiki olaraq bu yol açılmayıb. Bunun üçün müvafiq infrastruktur yoxdur, avtomobil yolu mövcud deyil. Üstəlik, buna ehtiyac da yoxdur, çünki Naxçıvan üzərindən Türkiyə ilə bağlantımız artıq mövcuddur".
Rəfiqə Namazəliyeva,
AzNews.az