"İlham Əliyevin itirmədiyi inamı həlledici rol oynadı" - Siyasi şərhçi

26 Fevral 2026 20:42 (UTC+04:00)

"Xocalı şəhərində açılışı olan Soyqırımı Memorialı layihəsi müharibədən öncə hazırlanıbmış, Bakıda qoyulması üçün yer də seçilibmiş və inşa edilməsi üçün təkcə Prezidentin qərarı lazım imiş. Amma Əliyev hər dəfə qərar verməkdən imtina edib".

Bu barədə AzNews.az-a siyasi şərhçi Asif Nərimanlı açıqlama verib. O, bildirib:

"Bu gün Xocalı şəhərində Memorialın açlışı zamanı özü onu qərar verməkdən çəkindirənin nə olduğunu açıqlayıb: “Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu”.

Nərimanlı qeyd edib ki, hərbi güc, iqtisadi potensialı, siyasi manevrlər... bütün bunlar prosesin təfərrüatlarıdır, Xocalıya, o torpaqlarıa qayıdışın təməlində dayanan yeganə amil inam oldu. Lakin etiraf edək ki, ümidimiz ölməsə də, heç birimiz Prezident qədər inamamışıq. Bizdə - bütün cəmiyyətdə tədricən zəiflədiyi halda, Əliyev inamının gücünü saxlayıb. Soyqırımı Memorialı ilə bağlı detal bunun təsdiqidir.

Və Xocalıya – Qarabağa qayıda bilməyimizdə də qərarları verən, siyasəti quran, ordunu hazırlayan Əliyevin itirmədiyi inamı həlledici rol oynadı.

Memorialın Xocalıda – qətliamın yaşandığı şəhərdə inşa edilməsi soyqırımının təbliğ edilməsi, beynəlxalq diqqətə daha çox çatdırılması imkanlarını genişləndirir, çünki işğal dövründən fərqli olaraq, bundan sonra faktlar yerində - əyani şəkildə çatdırılacaq. Bu kontekstdə gələcəkdə beynəlxalq konfransların Xocalıda keçirilməsi, Memorialın əcnəbi iştirakçıların da ziyarətgahına çevrilməsi əhəmiyyətli olardı.

Ermənistanla sülh müqaviləsi imzalansa, etimad mühiti yaradılsa, qarşılıqlı ticarət əlaqələri - həm dövlət, həm insanlar arasında, qurulsa belə, Xocalı soyqırımının təbliğ edilməsi, daha çox ölkə tərəfindən tanınması prosesi dayanmamalıdır, həmin tarixin təkərrür etməməsi üçün".

AzNews.az