“ABŞ-nin strateji məqsədi İranda hakimiyyət dəyişikliyidir” – Azad Məsiyev

26 Fevral 2026 20:52 (UTC+04:00)

"ABŞ başda olmaqla İran əleyhinə bir koalisiya uzun müddətdir ki, İranı həm iqtisadi, həm də siyasi sanksiyalar vasitəsilə dünyanın iqtisadi-siyasi sistemindən təcrid etməyə çalışır. Bu koalisiyanın məqsədi İranın sosial vəziyyətini gərginləşdirmək, xalqla dövlət arasında qarşıdurma yaratmaq və nəticədə hakimiyyətdə dəyişiklik üçün əlverişli şərait formalaşdırmaqdır. Lakin uzun müddət ərzində tətbiq olunan bu ssenari hələ özünü doğrultmayıb. ABŞ ilə İran arasındakı gərginlik İslam inqilabının baş verməsindən sonra yaranmış və əsasən ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişdirərək özlərinə münasib bir hakimiyyət qurmaqdır. Bu strategiya həm respublikaçılar, həm də demokratlar hakimiyyətdə olarkən davamlıdır və müxtəlif taktiki addımlar vasitəsilə həyata keçirilir. Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-nin İrana qarşı siyasəti daha aqressivləşib. Uranın zənginləşdirilməsi məsələsi yalnız bəhanə rolunu oynayır; əsl məqsəd İrana təzyiq göstərmək və onun siyasi hakimiyyətini dəyişdirməkdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, Cenevrədə İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı danışıqlar üçüncü raunduna başlayıb. Beynəlxalq ictimaiyyət uzun müddətdir bu mövzuya diqqət yetirir və hazırkı müzakirələr yenidən qlobal gündəmin əsas mərkəzinə çevrilib. Rəsmi açıqlamalarda tərəflər dialoqun davam etdiyini bildirirlər, lakin onların mövqeləri arasında fundamental fərqlər qalmaqdadır. Vaşinqton İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq və beynəlxalq nəzarəti gücləndirmək istədiyini açıqlayır, Tehran isə proqramın yalnız dinc məqsəd üçün həyata keçirildiyini vurğulayaraq, hər hansı dayandırılmanın mümkün olmadığını bildirir. Bu fikir ayrılığı tərəflər arasında kompromisin mümkün olub-olmaması sualını gündəmə gətirib.

Siyasi şərhçi bildirib ki, ABŞ İran üzərində hərbi və diplomatik təzyiq göstərmək üçün davamlı olaraq müxtəlif bəhanələr irəli sürür.

"Məsələn, 12 günlük hərbi əməliyyat zamanı ABŞ və İsrail birgə hərbi təlimlər həyata keçirərək İranda hakimiyyəti dəyişmək niyyətlərini açıq şəkildə göstərdilər. Lakin həmin əməliyyat uğursuzluqla nəticələndi və İranın hakimiyyəti dəyişdirilə bilmədi. Daha sonra xalqın sosial vəziyyətlə bağlı etirazları gündəmə gəldi. Tramp administrasiyası isə bəyan etdi ki, əgər İran dövləti dinc əhaliyə qarşı zor tətbiq edərsə, ABŞ ona hərbi zərbələr endirəcək. Yəni ABŞ hər zaman bir bəhanə axtararaq İrana təzyiq göstərmək və hakimiyyəti dəyişmək niyyətindədir. Eyni zamanda ABŞ ikili siyasət həyata keçirir: bir tərəfdən hərbi güc nümayiş etdirərək İran körfəzinə hərbi kontingentini yığır, digər tərəfdən isə dialoqu gündəmə gətirir və uranın zənginləşdirilməsi məsələsi ətrafında ağır şərtlər irəli sürür. Bu şərtlərə uzaqmənzilli raketlərin istehsalının dayandırılması, Çinə xam neft satışının məhdudlaşdırılması və digər iqtisadi məhdudiyyətlər daxildir. İran dövlətinin mövqeyi isə aydındır: uranın zənginləşdirilməsi yalnız dinc məqsədlər üçün həyata keçirilir və bu fəaliyyət beynəlxalq təşkilatlar tərəfindən nəzarət olunur. İranın hazırkı prezidenti də bu mövqeyi dəfələrlə təsdiqləyib. Burada ortaya sual çıxır: əgər uranın zənginləşdirilməsi ziyanlıdırsa, niyə ABŞ və İsraildə tətbiq olunur? Əgər faydalıdırsa, niyə İranda tətbiq oluna bilməz? Məntiq burada ABŞ-nin məqsədinin İran üzərində təzyiq yaratmaq üçün bəhanə axtarmasıdır. Bu baxımdan ABŞ prezidenti ikili siyasət aparır: bir tərəfdən güc nümayiş etdirir, digər tərəfdən dialoq vasitəsilə vaxt qazanır və beynəlxalq ictimaiyyətin İran üzərində birləşməsini təmin etməyə çalışır. ABŞ-nin strateji məqsədini həyata keçirmək üçün İranın müttəfiqlərinin mövqeyi də vacibdir. Rusiya və Çin İranın əsas müttəfiqləridir və son zamanlar bu üç dövlət İran körfəzində birgə hərbi təlimlər keçirdilər. Bu təlimlər ABŞ-a mesajdır və hərbi əməliyyatlar zamanı əzələ nümayişi kimi qiymətləndirilə bilər. ABŞ bu səbəbdən hərbi əməliyyatları icra etməzdən əvvəl həm İranın müttəfiqlərinin reaksiyasını yoxlayır, həm də beynəlxalq ictimaiyyəti İran əleyhinə yönləndirməyə çalışır. ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişməkdir, uranın zənginləşdirilməsi isə yalnız bəhanə rolunu oynayır. Bu strategiya çərçivəsində İran dövlətindən birbaşa üç istiqamətdə faydalanmaq planlaşdırılır: 1.İranın neftinin 70–80%-i Çinə satılır, ABŞ bunu məhdudlaşdırmaq istəyir. 2. İran vasitəsilə Rusiyanın cənub cinahının və Şimal–Cənub dəhlizinin işlək vəziyyətinə nəzarət etmək. 3. İran vasitəsilə Türkiyənin regional gücünün qlobal gücə çevrilməsinin qarşısını almaq. Bu məqsədlərlə ABŞ Cenevrədə və digər beynəlxalq platformalarda aparılan danışıqları görüntü xarakterli təqdim edir. Əslində, bu danışıqların məqsədi İranın hakimiyyətini dəyişdirməkdir. ABŞ həm hərbi təzyiq göstərir, həm də dialoq vasitəsilə beynəlxalq ictimaiyyəti İran əleyhinə yönləndirir. Uranın zənginləşdirilməsi məsələsi isə sadəcə bəhanədir və strateji hədəfin reallaşdırılmasında vasitə kimi istifadə olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az