Lüksemburqda Xocalı faciəsinin 34-cü ildönümü qeyd edilib

26 Fevral 2026 21:24 (UTC+04:00)

25 fevral 2026-cı il tarixində LuxAz ASBL tərəfindən Lüksemburqda Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım mərasimi təşkil olunub. Sözügedən təşəbbüs Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin əməkdaşlığı ilə baş tutub.
Mərasimdə çıxış edən LuxAz ASBL-in prezidenti Dr. Seymur Əhmədov Xocalı soyqırımının Azərbaycan xalqının kollektiv yaddaşında xüsusi yer tutduğunu vurğulayıb və tarixi həqiqətlərin beynəlxalq müstəvidə tanıdılmasının vacibliyini qeyd edib. Azərbaycan Respublikasının Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin birinci katibi Emin Rüstəmov isə qurbanların xatirəsinin yaşadılmasının və ədalətin bərqərar olunması istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Proqram çərçivəsində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “13” bədii-sənədli filmi nümayiş olunub və faciəni əks etdirən foto-sərgi təqdim edilib. Lüksemburqda yaşayan həmvətənlərimizin iştirak etdiyi anım günü xatirə süfrəsinin təşkili ilə davam etdirilib.
26 fevral 2026-cı il tarixində isə “Xocalıya ədalət” kampaniyası çərçivəsində növbəti maarifləndirmə təşəbbüsü həyata keçirilib. Lüksemburqun ictimai məkanlarında paylanılan vərəqələr vasitəsilə yerli vətəndaşlara faciənin tarixi faktları barədə ətraflı məlumat verilib.
Bundan əlavə, “Justice for Khojaly” kampaniyası Lüksemburq şəhərində yerləşən 97 ofis binasının rəqəmsal ekranlarında yayımlanaraq geniş auditoriyanı əhatə edib.
LuxAz ASBL-in Kommunikasiya meneceri Dr. Sevinc Ömərli bildirib ki, LuxAz ASBL Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələrin təbliği, milli həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tarixi irsimizin qorunması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəkdir.