Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın İranı davamlı şəkildə təhdid etdiyini və Yaxın Şərqdə vəziyyəti məsuliyyətsiz şəkildə gərginləşdirdiyini bildirib.
Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik brifinqdə gündəmdə olan məsələlərə münasibət bildirib.
O, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Rusiya-Ukrayna müharibəsinin dördüncü ilinə təsadüf edən atəşkəs çağırışlı qətnaməsini qəbul etməsinə münasibət bildirərək, sənədin Rusiyaya qarşı yönəldiyini və sülhə xidmət etməyəcəyini deyib. Zaxarova bu təşəbbüsün Ukrayna ordusuna yenidən silahlanmaq üçün vaxt qazandırmağı hədəflədiyini vurğulayıb və Kiyevə silah tədarükünün dayandırılmalı olduğunu qeyd edib.
ABŞ-ın səsvermədə bitərəf qalmasına toxunan sözçü bildirib ki, Vaşinqton əleyhinə səs versəydi, bu daha aydın siqnal olardı. Onun sözlərinə görə, mövcud vəziyyət belə Qərb blokunda Ukrayna böhranı ilə bağlı fikir ayrılıqlarının dərinləşdiyini göstərir.
Zaxarova həmçinin Avropa ölkələrinin Ukrayna böhranının həlli prosesinə mane olduğunu iddia edib. O, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin təminində əsas rol oynadığını xatırladaraq, qurumun ötən il qəbul etdiyi 2774 saylı qətnamənin böhranın sülh yolu ilə həllini nəzərdə tutduğunu bildirib.
“Britaniya böhranın uzunmüddətli həllinə mane olur”
Con Healeyin Ukraynaya sülh əldə olunduqdan sonra hərbçilər göndərmək niyyətinə dair açıqlamasını şərh edən Zaxarova deyib ki, Ukraynada Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi münaqişənin bitməsi deyil, əksinə uzanması və daha genişmiqyaslı toqquşma riskinin artması demək olacaq. Onun sözlərinə görə, Ukraynada yerləşdiriləcək xarici hərbi kontingentlər Rusiya üçün legitim hədəfə çevriləcək.
Zaxarova əlavə edib ki, London Rusiyanın yaxınlığında qeyri-sabitliyin davam etməsində maraqlıdır və böhranın uzunmüddətli, dayanıqlı həllinə mane olur.
“İranın yanındayıq”
İranla bağlı vəziyyətə də toxunan Zaxarova Vaşinqtonun Tehrana qarşı davamlı təhdid ritorikasından istifadə etdiyini bildirib. O vurğulayıb ki, Rusiya ilə İran qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı davam etdirir və Moskva İranın yanında olduğunu bəyan edir.
Mövsüm,
AzNews.az