Tanınmış jurnalist, hüquqşünas Taleh Şahsuvarlı bu gün mediada yayılan “AMEA-nın Rəyasət Heyəti ləğv edilir” xəbərlərinə münasibət bildirib. Onun fikrincə, bu məlumatlar hazırda dəqiq təsdiqlənməyib və rəsmi açıqlama yoxdur.
T. Şahsuvarlı xatırladır ki, AMEA-nın Rəyasət Heyəti Akademiyanın kollegial icra orqanıdır və fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi əsasında davam etdirir. Nizamnamənin 6-cı bölməsində qeyd olunur:
6.1. Akademiyanın ali idarəetmə orqanı Ümumi Yığıncaqdır.
6.2. Akademiyanın kollegial icra orqanı Rəyasət Heyətidir.
6.3. Akademiyanın fəaliyyətinə prezident rəhbərlik edir.
6.4. Akademiyanın strukturunu və işçilərinin say həddini Akademiyanın təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
Qüvvədə olan Nizamnamə isə Azərbaycan Prezidenti tərəfindən 2023-cü il 3 noyabr tarixli fərmanla təsdiq edilib. Taleh Şahsuvarlı bildirir ki, Rəyasət Heyətinin ləğvi yalnız dövlət başçısının fərmanı ilə mümkündür və hazırda bununla bağlı yalnız təkliflər verilə bilər.
Jurnalist həmçinin vurğulayıb ki, AMEA dövlət ali elmi təşkilat olaraq elmin inkişafında və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir və dövlət təşkilatlarının toplantılarında medianın iştirakçıların görüntülərini çəkməsi, - o cümlədən mürgüləyən və ya yatan vəziyyətdə- qanuni və vəzifə baxımından düzgündür.
Taleh Şahsuvarlı hesab edir ki, yayılan məlumatlara tələsmədən yanaşmaq, proseslərin hüquqi çərçivədə izlənilməsini tələb edir.
AzNews.az