Qarabağa qayıdış: Ağdam yenidən dirçəlir

27 Fevral 2026 18:53 (UTC+04:00)

Artıq Ağdam şəhərindəki 2-ci yaşayış kompleksinə sakinlərin qayıdışı təmin olunub. Burada 223 ailə, yəni 821 nəfər yerləşib. Eyni zamanda, 4-cü və 5-ci yaşayış komplekslərində tikinti işləri davam edir, 3-cü kompleksdə isə yaxın vaxtlarda işlərin başlanması planlaşdırılır. Bundan əlavə, Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində fərdi yaşayış evlərinin inşası sürətlə irəliləyir – birinci kənddə 427, ikinci kənddə isə 851 ev layihələndirilib və eyni zamanda bu ərazilərdə sakinlərin gündəlik yaşamını təmin edəcək sosial və infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub. Bu məlumatları Bərpa, Tikinti və İdarəetmə Xidməti-nin icraçı direktorunun müavini Səbuhi Abdullayev açıqlayıb.

AzNews.az şərh edir ki, Ağdamın bərpası yalnız fərdi evlərin inşası ilə məhdudlaşmır və burada sistemli, çoxşaxəli yanaşma müşahidə olunur. 2-ci yaşayış kompleksinin sakinlər üçün istifadəyə verilməsi, həm regionun demoqrafik bərpasına töhfə verir, həm də iqtisadi aktivliyin artırılmasına şərait yaradır. Fərdi evlərlə yanaşı sosial infrastrukturun - yollar, elektrik və su təminatı, məktəb və sağlamlıq obyektlərinin- yaradılması, regionda dayanıqlı və uzunmüddətli yaşayışın təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Qarabağ regionunda bərpa layihələrinin mərhələli şəkildə həyata keçirilməsi həm risklərin idarə olunmasını, həm də resursların səmərəli istifadəsini təmin edir. 3-cü, 4-cü və 5-ci komplekslərdə tikinti işlərinin davam etməsi, eyni zamanda Eyvazxanbəyli və Baş Qərvənddə fərdi evlərin sayı və infrastruktura paralel diqqət, regionun sosial-mədəni və iqtisadi dirçəlişini gücləndirir. Bu proseslər, həmçinin regionda iş yerlərinin yaradılmasına, inşaat sektorunda aktivliyin artmasına və yerli tədarükçülərin iştirakına şərait yaradır ki, bu da bərpanın iqtisadi səmərəliliyini artırır.

Nəticə etibarilə, Ağdamın yenidən bərpası regionun sosial, demoqrafik və iqtisadi inkişafını təmin edən sistemli yanaşmanın nümunəsidir. Bu layihələr yalnız fiziki bərpaya deyil, həm də cəmiyyətin dayanıqlı sosial strukturlarının formalaşmasına töhfə verir və Qarabağda uzunmüddətli inkişaf perspektivlərini möhkəmləndirir.

AzNews.az