“Nüvə müzakirələri artıq regionda güc balansı məsələsinə çevrilib” – Oqtay Qasımov

27 Fevral 2026 19:56 (UTC+04:00)

"İran və ABŞ arasında keçirilən danışıqların ciddi nəticə verəcəyi indidən bəlli deyil. Bunun əsas səbəbi tərəflərin məsələlərə yanaşmasının və irəli sürdükləri tələblərin bir-birindən tamamilə fərqlənməsidir. ABŞ İranın nüvə proqramının tam dayandırılmasını, ballistik raketlərin istehsalının və uçuş məsafəsinin məhdudlaşdırılmasını, eyni zamanda regiondakı proksi qüvvələrə verilən dəstəyin dayandırılmasını tələb edir. İran tərəfi isə yalnız nüvə proqramı ilə bağlı müəyyən danışıqların aparılmasına razıdır və bunun qarşılığında sanksiyaların tam şəkildə ləğv edilməsini istəyir. Bu isə tərəflər arasında kifayət qədər ciddi fikir ayrılığının mövcud olduğunu göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Cenevrədə keçirilən və üç saat davam edən ABŞ–İran görüşü zahirən dialoq formatında baş tutsa da, mahiyyət etibarilə kompromis axtarışından daha çox tələblər toplusunun irəli sürülməsi kimi dəyərləndirilə bilər. ABŞ-nin təqdim etdiyi şərtlər — Fordo, Nətənz və İsfahan nüvə obyektlərinin ləğvi, zənginləşdirilmiş uranın ölkədən çıxarılması, zənginləşdirmə fəaliyyətinə müddətsiz qadağa qoyulması, ballistik raket proqramından imtina və regiondakı silahlı strukturlara dəstəyin dayandırılması — İranın mövcud strateji təhlükəsizlik modelinin köklü şəkildə dəyişdirilməsini nəzərdə tutur. Bu yanaşma onu göstərir ki, proses artıq nüvə sazişinin bərpası müzakirələrindən çıxaraq, regionda güc balansının yenidən tənzimlənməsi mərhələsinə keçib.

Siyasi şərhçi bildirib ki, bu baxımdan danışıqların nə dərəcədə konstruktiv keçəcəyi və ümumi razılaşma ilə nəticələnib-nəticələnməyəcəyi sual altındadır.

"Fikir ayrılıqları hələ də olduqca dərindir. Burada nəzərə alınmalı olan mühüm amillərdən biri də İsrail faktorudur. İsrailin İrana münasibəti bəllidir və son dövrlərdə İsrail Baş nazirinin səsləndirdiyi bəyanatlar onu göstərir ki, əgər ABŞ tərəfindən real addımlar atılmasa, İsrail müstəqil şəkildə hərəkət edə bilər. Bu kontekstdə tərəflər arasındakı ziddiyyətlər daha da dərinləşir. İranın mövcud taktikasının əsas məqsədi danışıqlar vasitəsilə prosesi uzatmaq və vaxt qazanmaqdır. Tehran bununla gərginliyin səviyyəsini müəyyən qədər aşağı salmağa çalışır. Ümumilikdə isə tərəflər arasında hələ də kifayət qədər ciddi və həll olunmamış məqamlar qalmaqdadır. Dərin fikir ayrılıqları, regiona cəmləşdirilən hərbi qüvvələr və hər iki tərəfdən səslənən sərt ritorika hərbi eskalasiya riskinin yüksək olduğunu göstərir".

Rəfiqə Namazəliyeva,

AzNews.az