"Hazırda Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirmək məqsədilə cənab Prezident İlham Əliyev orta ümumtəhsil məktəblərində mobil və elektron cihazlardan istifadə ilə bağlı qaydaların hazırlanmasını tapşırıb. Müasir texnologiyanın inkişafı və rəqəmsallaşma artıq şagirdlərin elektron cihazlardan istifadəsini zəruri edir, lakin müəyyən vaxtdan sonra bu cihazlar problemlər yarada bilər. İstər sosial şəbəkələr, istər müxtəlif proqramlar olsun, elektron cihazlar orta məktəb mühitinə təsir edir və bəzi hallarda onu mənfi yöndə dəyişdirir. Şagirdlər lazımsız saytlara girə, qeyri-etik video və materiallara baxa, qrup halında mənfi oyunlar oynaya bilirlər. Bu oyunlar isə psixoloji təsir göstərir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, Norveç məktəblərində mobil telefonların qadağan olunması müsbət nəticələr verib. Şagirdlər tənəffüslərdə telefon əvəzinə bir-biri ilə ünsiyyət qururlar və məktəb mühiti daha sakit olur. 2024-cü ildə qəbul edilmiş milli tövsiyələrə görə, ibtidai və orta məktəblərdə mobil telefon istifadəsi qadağan edilib. Təhsil naziri Kari Nessa Nordtun bunu şagirdlərin təhlükəsizliyi və psixoloji rahatlığı üçün mühüm addım sayır. Valideynlərin də iştirakı vacibdir. Məktəb və ailə birlikdə qaydalar müəyyən etməli və müsbət məktəb icmasını dəstəkləməlidirlər.
Ekspert hesab edir ki, bütün bu problemlərin qarşısını almaq üçün orta ümumtəhsil məktəblərində telefonlardan istifadə tam məhdudlaşdırılmalıdır.
"Finlandiya kimi təhsil sahəsində qabaqcıl ölkələrdə belə addımlar atılıbsa, demək ki, ciddi problem mövcuddur və onun qarşısını almaq üçün elektron cihazlar məktəblərdə yığışdırılmalıdır. Qadağanın mənfi tərəfləri də var. Məsələn, valideynlər uşaqlarını məktəbdən götürərkən çətinlik çəkə bilərlər. Bu problemi smartfon olmayan sadə telefonlarla asanlıqla həll etmək mümkündür. Rəqəmsal zorakılığın aradan qalxması fonunda şagirdlərin psixoloji təsiri barədə sual yarana bilər. Mən hesab edirəm ki, müəyyən müddətdən sonra şagirdlər bu qadağalara öyrəşəcəklər. Qadağalar həmçinin ailədən də formalaşmalıdır, çünki Finlandiyada da qeyd olunduğu kimi, ailə-məktəb əməkdaşlığı əsasdır. Təəssüf ki, Azərbaycanda ailələrin təxminən 70%-i uşaqlarının telefonlarını əlindən almaqda çətinlik çəkir. Bu baxımdan, məktəblərdə telefon qadağası müəyyən çətinliklər yarada bilər, məsələn, şagirdin sinfə telefonu ilə gəlməsi və ya onu fərqli şəkildə istifadə etməsi. Amma konkret və geri dönüş olmayan addımlar atılmalıdır; müəyyən güzəşlərə getmək olmaz. Şagirdlər hər hansı qeyri-məqbul hərəkətini telefona qeyd edib paylaşa bilirlər. Son zamanlarda məktəblərdə telefonlar vasitəsilə psixoloji problemlər yaradan oyunlara rast gəlinir. Rəqəmsallaşma öz müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də gətirir. Müsbət tərəflər müasir texnologiyanın inkişafı, intelektin formalaşmasıdır. Lakin eyni zamanda telefon gəncliyi mənfi istiqamətə yönəldə bilər. Telefonu düzgün istifadə nümunəsi ilə müqayisə edək: Bıçaq çörəyi kəsmək üçün istifadə olunur və faydalıdır, amma yanlış istifadə olunduqda xəsarət verə bilər. Telefon da eyni vəziyyətdədir — həm müsbət, həm mənfi tərəfləri var. Orta ümumtəhsil məktəblərində telefonların daha çox mənfi tərəfləri ilə məşğul olması səbəbindən sərt tədbirlər tətbiq olunur. Rəqamsal dünyada böyüyən nəsil üçün bu məhdudiyyətlər adaptasiya problemləri yarada bilər, amma müəyyən vaxtdan sonra şagirdlər buna alışacaq və vəziyyət stabilləşəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az