Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) uzun illər rəhbəri olmuş Saleh Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra agentlikdə genişmiqyaslı maliyyə yoxlamalarının başladığı və yüzmilyonlarla manat büdcə vəsaitinin talan edilməsi ilə bağlı faktların üzə çıxdığı bildirilir.
AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, artıq AAYDA-nın bir sıra struktur bölmələrinin vəzifəli şəxsləri barəsində araşdırmalar başlanıb.
Araşdırmaların əsas istiqaməti dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smeta sənədləri, formal podrat müqavilələri və yol tikintisi-təmir layihələri adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır.
Saleh Məmmədovun rəhbərlik etdiyi dövrdə ölkənin müxtəlif bölgələrində yol tikintisi və təmiri üçün milyardlarla manat vəsait ayrılmışdı. İndi həmin layihələrin bir hissəsi üzrə sənədlərin yenidən yoxlanıldığı, real xərclərlə rəsmi aktlar arasında ciddi fərqlərin aşkarlandığı bildirilir.
Məlumatlara görə, araşdırmalar çərçivəsində regional yol istismar idarələrinin maliyyə fəaliyyəti, tikinti müqavilələri və qəbul aktları xüsusi diqqət mərkəzindədir.
Yaranmış vəziyyət fonunda Gununsesi.info-ya daxil olan məlumat isə qalmaqalın miqyasını daha da genişləndirib. İddialara görə, Saleh Məmmədov vəzifədən kənarlaşdırıldıqdan sonra özünə yaxın hesab etdiyi regional yol idarələrinin rəhbərlərini bağ evinə toplayaraq vəziyyətdən çıxış yollarını müzakirə edib.
Toplantıda iştirak etdiyi bildirilən şəxslər arasında Şükür Astanov, Məzahir Səlimov, İlham Əzimov, Zahid Nuriyev, Arif Abbasov, Nizami Çıraqov, Məhəmməd Musayev, Şahin İsmayılov, Azad Muradov, Azadəli Azadəliyev, Zaur Həmzəyev, Allahverdi Dəmirov, Fazil Musayev, Əflatun Qasımov, maliyyə idarəsinin rəisi Müseyib Həmzəyev və aparat rəhbəri İlqar Əhmədovun adları çəkilir.
Mənbənin iddiasına görə, keçmiş sədr yoxlamalar zamanı aşkar edilən maliyyə çatışmazlıqlarının büdcəyə qaytarılmasının zəruri olduğunu bildirərək, əks halda həbslərin qaçılmaz olacağını deyib. Onun “mən özüm vəziyyətdən çıxacağam, amma siz zərəri bağlamasanız, hamınız həbs olunacaqsınız” məzmununda xəbərdarlıq etdiyi iddia olunur.
Qeyd edək ki, AAYDA-nın regional yol istismar idarələri ölkənin müxtəlif rayon və magistral yollarında tikinti, əsaslı təmir və saxlanma işlərinə cavabdehdir. Dövlət büdcəsindən ayrılan böyük həcmli vəsaitlərin əsas hissəsi məhz bu idarələr vasitəsilə xərclənir.
AzNews.az