“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.
Aznews.az xəbər verir ki, təlimin səkkizinci günündə ustad dərslərini Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva, Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayıl keçiblər.
Bu dəfə təlim “Dilin saflığında tənzimləyici qurumun rolu və onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri” mövzusuna həsr edilib.
Təlim çərçivəsində Fazil Novruzov media sahəsində dövlət dilinin qorunması ilə bağlı mövcud normativ bazadan və nəzarət mexanizmlərindən danışıb. O, “Media haqqında” Qanunda və digər hüquqi sənədlərdə dil normaları ilə bağlı xüsusi müddəaların əks olunduğunu bildirib və bu qaydalara praktikada əməl edilməsi mövzusuna toxunub.
Fazil Novruzov vurğulayıb ki, tənzimləyici qurum olaraq əsas vəzifələri nəzarətdir. Bu nəzarət isə proqramların monitorinqi, eləcə də dil normalarına, “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə əməl edilib-edilməməsi ilə bağlıdır.
Həmçinin diqqətə çatdırılıb ki, televiziya normativ və etalon rolunu oynayır. Son dövrlərdə televiziya verilişləri çox tənqid edilir. Buna əsas səbəb eyni mövzulara toxunulması və sosial mediada yayılan dil qüsurlarının efirə daşınmasıdır.
Təlimdə Media İnkişaf Agentliyi, Audiovizual Şura, Dilçilik İnstitutu, Teleradio Akademiyası, eləcə də BDU-nun Jurnalistika və Filologiya fakültələrinin nümayəndələrinin bir araya gəlməsinin vacibliyi önə çəkilib. Elm, dil və media sahəsində birgə müzakirələrin aparılmasının zəruriliyi vurğulanıb, media dili ilə bağlı kitabın hazırlanmasının mümkünlüyü qeyd olunub.
Təlimdə Sevinc Əliyeva bildirib ki, nitq ədəbi dil normaları əsasında formalaşmalıdır və dilin ahəngliyi qorunmalıdır. O deyib ki, televiziya və radio aparıcılarının tələffüzü cəmiyyət üçün nümunədir və orfoepik qaydalara riayət edilməsi xüsusi əhəmiyyət daşıyır. Üslub məsələsinə də toxunan Sevinc Əliyeva diqqətə çatdırıb ki, dil subyektiv baxışlarla səciyyələnir, onun qorunması və inkişafı hər birimizin borcudur.
Professor iştirakçılara onların yalnız nitqdə deyil, davranış və geyim mədəniyyətində də tamaşaçıya örnək olduqlarını söyləyib.
Təlim zamanı Təranə İsmayıl bütün redaksiyalarda vahid lüğətin olmasını və materialların həmin mənbəyə istinad edilməklə hazırlanmasının vacibliyindən danışıb. Diqqətə çatdırılıb ki, hazırda bir çox redaksiyalarda korrektə işi demək olar ki, yox səviyyəsindədir. O yazı materiallarında orfoqrafik səhvlərə çox rast gəlindiyini qeyd edib.
Təlim çərçivəsində “Səsimiz kimin əlindədir?” mövzusu da müzakirə olunub. Bildirilib ki, bir vaxtlar aparıcının səsi norma və ölçü meyarı hesab edilirdi, bu gün isə hər kəs canlı yayıma çıxır, fikir bildirir.
Təranə İsmayıl hazırda əsas problemlərdən birinin “c” və “ç” səslərinin düzgün tələffüz olunmaması ilə bağlı olduğunu da diqqətə çatdırıb. O, bu məsələyə xüsusi diqqət yetirilməsinin vacib olduğunu söyləyib.
Xatırladaq ki, təlimlərin keçirilməsinin əsas məqsədi mediada Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq edilməsidir.