İranın yüksək rütbəli hərbi rəhbərlərindən olan İsmayıl Qaani son hadisələr fonunda yenidən gündəmə gəlib. Onun İsrailin həyata keçirdiyi bir sıra hədəfli zərbələr zamanı son anda toplantıları tərk etməsi və sağ qalması müxtəlif iddialara yol açıb.
Məlumatlara görə, Qaani Həsən Nəsrallahın öldürüldüyü gün Livanda olub, lakin hücumdan xilas ola bilib. Eyni zamanda, 12 gün davam edən müharibə zamanı İranın yüksək komanda heyəti hədəf alınsa da, o, sağ qalan fiqurlar sırasında yer alıb. İddialara əsasən, o, həmçinin Əli Xameneinin öldürüldüyü toplantını erkən tərk edib və nəticədə həyatını itirməyib. Həmin iclasda yüksək səviyyəli komandanların müzakirə apardığı bildirilir.
Bu ardıcıl təsadüflər fonunda Qaaninin ABŞ və İsraillə mümkün əlaqələri barədə sosial mediada və bəzi regional xəbər resurslarında iddialar səsləndirilib. Rəsmi səviyyədə isə bu iddialar təsdiqlənməyib.
İsmayıl Qaani kimdir?
İsmayıl Qaani 1957-ci ildə İranda anadan olub. O, 1980-1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib və uzun illər Qasım Süleymaninin müavini kimi fəaliyyət göstərib.
2020-ci ilin yanvarında Süleymaninin Bağdadda ABŞ zərbəsi nəticəsində öldürülməsindən sonra Qaani Islamic Revolutionary Guard Corps (SEPAH) tərkibində fəaliyyət göstərən Qüds Qüvvələrinə komandan təyin olunub. Qüds Qüvvələri İranın xaricdəki hərbi-siyasi əməliyyatlarını koordinasiya edən əsas struktur hesab olunur və region ölkələrində Tehranla müttəfiq qüvvələrlə əlaqələrin idarə olunmasında mühüm rol oynayır.
Siyasi müşahidəçilər qeyd edirlər ki, Qaani sələfi Süleymani ilə müqayisədə daha az ictimai fiqurdur və mediada daha məhdud görünür. Bununla belə, regiondakı geosiyasi proseslərdə onun mövqeyi və qərarları ciddi təsirə malikdir.
AzNews.az