Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərin məhkəməsi başladı

2 Mart 2026 15:00 (UTC+04:00)

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən İbrahim Əsədli və Abdulla İbrahimlinin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Aznews.az xəbər verir ki, cinayət işi Nizami rayon Məhkəməsinə təqdim olunub və hakim Aynur Əliyevanın icraatına verilib. Bu gün keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası martın 16-na təyin edilib.

Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.