"Bütün hallarda Ermənistan dəmir yollarının Cənubi Qafqaz Dəmir Yolları adı altında Rusiya tərəfindən idarə olunması ilə bağlı iki ölkə arasında imzalanmış müqavilə və götürülmüş öhdəliklər mövcuddur. Mövcud vəziyyətdə həm Rusiyanın, həm də Ermənistanın maksimalist mövqedən çıxış etməsi, nəticə etibarilə tərəflərin müəyyən güzəştlər əsasında razılaşması üçün imkanlar yarada bilər. Paşinyanın dəmir yollarının üçüncü ölkənin idarəçiliyinə verilməsi ilə bağlı irəli sürdüyü fikir Rusiyanı maksimalist və istismarçı mövqedən çəkindirməyə hesablanmış addım idi və görünən odur ki, bu yanaşma nəticə etibarilə səmərə verə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Rəsmi Moskva İrəvanın Ermənistan dəmir yollarının idarəçiliyini Rusiyadan kənar ölkəyə vermək planlarını qəribə və qəbuledilməz sayır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə danışıb. O, Rusiyanın regional iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına tərəfdar olduğunu bildirib. Zaxarova əlavə edib ki, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin həmsədrliyi ilə yaradılmış üçtərəfli işçi qrup bu istiqamətdə kifayət qədər iş görüb: "Ermənistan dəmir yolu artıq 20 ildən çoxdur ki, Cənubi Qafqaz Dəmir Yollarının nəzarətindədir. Yalnız güzəşt müqaviləsinin şərtlərini yerinə yetirməklə kifayətlənməyib, infrastruktura böyük investisiyalar qoyub və çoxsaylı iş yerləri yaradıb. Görünür, İrəvanda bunu unudublar.” XİN rəsmisi həmçinin bildirib ki, Rusiya operatorları Ermənistanın rəqabət üstünlüklərini pozmur və Ermənistandan Azərbaycan və Türkiyəyə gedən dəmir yollarının bərpası ilə bağlı mövqe Rusiya tərəfindən, Baş nazirin müavini Aleksey Overçuk tərəfindən açıqlanıb.
Deputat qeyd edib ki, qarşıdakı bir neçə həftədən sonra Cənubi Qafqazda növbəti mərhələdə Rusiyanın mövqeyinin güclənib-güclənməyəcəyinə aydınlıq gətirəcək.
"Mənə elə gəlir ki, yaxın aylarda Rusiya Cənubi Qafqaza təzyiq vasitəsi kimi istifadə etdiyi tərəfdaşlarından birinin mövqelərinin ciddi şəkildə zəiflədiyini görəcək. Burada söhbət İrandan gedir. Belə bir vəziyyətdə Rusiya daha mülayim qərarlar qəbul etməyə məcbur qala, Ermənistanın daxili işlərinə müdaxilə planlarını yenidən nəzərdən keçirə bilər. Əks halda, hansı nəticələrlə üzləşə biləcəyi Rusiya diplomatiyası üçün daha aydın olacaq. Bu baxımdan, hadisələrin inkişafını müəyyən müddət gözləmək lazımdır. Bütün hallarda gedən proseslər Rusiyanın lehinə deyil, daha çox Ermənistanın lehinə kimi görünür".
Rəfiqə Namazəliyeva,
AzNews.az