"Pakistan və Əfqanistan arasındakı bu münaqişə spontan bir münaqişə deyil. Nəzərə alsaq ki, Pakistan dövləti yaranan dövrdən Əfqanistanla məhz ərazi problemləri yaşayır. Belə ki, 1893-cü ildə Böyük Britaniya İmperiyası Əfqanistanla savaşdan sonra sərhəd xəttini müəyyən etdi və bu sərhəd xətti “Dürand Xətti” adlanır. Hindistan müstəqillik əldə etdikdən sonra bu ərazidə iki dövlət Pakistan və Hindistan yarandı. Pakistanın Əfqanistanla sərhəd xətti məhz "Dürand Xətti”ndən keçdiyindən, Əfqanistan bunu qəbul etməyib və hesab edir ki, bu ərazilər məhz ona məxsusdur. Pakistanın ərazilərinin bir hissəsi, çünki Əfqanistanın əsas etnik, sayca üstün olan toplumu puştunların bir hissəsi, məhz bu xətt nəticəsində Pakistanda qalıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Xatırladaq ki, Pakistan ilə Əfqanıstan arasındakı sərhəd boyunca gərginliyin açıq hərbi qarşıdurma səviyyəsinə çatması regionda yeni təhlükəsizlik böhranının formalaşdığını göstərir. Tərəflərin bir-birinin ərazilərinə hava zərbələri endirməsi göstərir ki, bu münaqişə yalnız ikitərəfli münasibətlər çərçivəsində qalmayacaq. Yaranmış vəziyyətin regional güclərin siyasətinə və təhlükəsizlik strategiyalarına potensial təsirləri artıq diqqət mərkəzindədir.
Siyasi şərhçi qeyd edib ki, Pakistanın müstəqilliyinin BMT-də qəbulunda tək əleyhinə səs verən ölkə Əfqanistan olduğu üçün, bu ölkələr arasında münasibətlər demək olar ki, heç zaman hamar olmayıb.
"Sovet işğalı dönəmində Pakistanın məhz Əfqanistana misilsiz dəstəyi belə bir təəssürat yaradırdı ki, bu iki dövlət arasında münasibətlər normallaşacaq, hətta "Taliban”ın yaradılmasında Pakistan kəşfiyyatının birbaşa iştirakı məlumdur və verdiyi dəstək də bəllidir. Amma bütün bunlara baxmayaraq, sərhədlərlə bağlı anlaşılmazlıq hələ də qalmaqdadır. Xüsusilə də ABŞ Əfqanistandan çəkiləndən sonra hakimiyyəti yenidən ələ götürmüş “Taliban” təşkilatı Pakistanlıların münasibətlərdə gərginliyə səbəb olduğunu göstərib, belə ki, o, Əfqanistan ərazilərində beynəlxalq terror şəbəkələrinin yuvalanmasına şərait yaradıb. Necə ki, 2001-ci ilə qədər də belə olmuşdu. Əfqanistan əraziləri Əl-Qaidə və İŞİD kimi terror təşkilatlarının yuvalarına çevrilmişdi. Məhz Əfqanistan ərazisindən Pakistana edilən terror hücumları Pakistana səbrini daşırdı və son gördüyümüz mənzərə ortaya çıxdı. Bütün hallarda bu bir ciddi problemdir. Ən uyğunu hər iki tərəfin marağına olan odur ki, tərəflər bunu danışıqlar masası ətrafında dinc yolla həllinə razılıq verələr. Amma görülən odur ki, bu məsələ yalnız “Taliban” məsələsi deyil. Çünki burada kənar güclərin təsirini də nəzərə almalıyıq. Belə ki, "Taliban”ın Hindistanla olan münasibətləri və Hindistanın Pakistana düşmən münasibəti də məhz iki tərəfi bir araya gətirir və bu qarşıdurmada Hindistanın gizli dəstəyinin olduğu da aşikardır. Bəs bu baxımdan, bu münaqişə yalnız iki tərəflə deyil, eyni zamanda qlobal və regional güclərin də təsir etdiyi, xüsusilə də “Taliban” üzərində qurduğu təsir mexanizmləri ilə həyata keçirilir. O baxımdan, hazırda bölgədə kifayət qədər gərgin vəziyyətin olduğunu deyə bilərik".
Rəfiqə Namazəliyeva,
AzNews.az