Bolqarıstanın "M-Gaz" şirkəti 2026-cı il üzrə Azərbaycan qazının tədarük hədəf səviyyəsini 100 milyon kubmetr həcmində müəyyən edib.
Aznews.az xəbər verir ki, Bu barədə şirkətin strateji təsir və artım üzrə direktoru Qerqana Manolova bildirib.
"Bu həcm Bolqarıstanda sosial və sənaye istehlakçılarının artan tələbatının ödənilməsi, həmçinin Şimali Makedoniyada bu yaxınlarda başladığımız əməliyyatların dəstəklənməsi üçün planlaşdırılıb", - o qeyd edib.
Onun sözlərinə görə, 2025-ci il dekabr ayının sonuna qədər hibrid qazlaşdırma modelinin səmərəliliyi tam təsdiqləndi: "M-Gaz" 46 sənaye və 5 sosial müəssisə üçün Azərbaycandan 89 milyon kubmetr təbii qaz tədarük edib.
Strumitsa (Şimali Makedoniya) layihəsinə 2025-ci ilin dekabrında rəsmi qaydada start verilib.
"Şimali Makedoniya Respublikasının cənub-şərqinin əsas ticarət, siyasi və mədəni mərkəzi olan Strumitsada fəaliyyət operativ və uğurlu şəkildə genişləndirildi. Bu, sıxılmış təbii qaz (CNG) sahəsində yerli normativ bazanın Bolqarıstandakı fəaliyyətimizdə istinad etdiyimiz Avropa standartlarına tam uyğunluğu sayəsində mümkün oldu.
Yerli hakimiyyət orqanlarının böyük dəstəyi ən qısa müddətdə modelimizin ekoloji cəhətdən effektivliyini təsdiqləməyə imkan verdi. Ənənəvi neft məhsullarının əvəz edilməsi atmosferdə dispers toz hissəciklərinin miqdarının kəskin azalmasına səbəb oldu", - Q.Manolova deyib.
O hesab edir ki, hibrid qazlaşdırma konsepsiyası Balkan ölkələri üçün kritik əhəmiyyətə malikdir, çünki burada qazpaylama şəbəkələri çox vaxt Mərkəzi Avropadakı analoqlarına nisbətən daha az inkişaf edib: "Tətbiq etdiyimiz metod Bolqarıstan, Serbiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, həmçinin Şimali Makedoniya daxil olmaqla bir sıra dövlətlər üçün "virtual boru kəməri"nin fəaliyyət göstərməsini təmin edərək enerji fərqini aradan qaldırır".
Q.Manolovanın sözlərinə görə, hazırda adıçəkilən ölkələr üçün texniki-iqtisadi əsaslandırma aparılır və ya aparılmağı planlaşdırılır: "Bu, təklif olunan sxemin tətbiqi imkanlarını və məqsədəuyğunluğunu qiymətləndirmək üçün vacibdir.
Bununla belə, hazırda komandamızın əsas səyləri Albaniyadakı layihənin həyata keçirilməsinə yönəldilib".
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.