“Uzunmüddətli müharibə ABŞ üçün sərfəli deyil” - Həşim Səhrablı

2 Mart 2026 19:39 (UTC+04:00)

"İran tərəfi əvvəldən bu zərbələrə hazırlaşmışdı, çünki həm ABŞ-la aparılan danışıqlar, həm də ümumiyyətlə regionda baş verən ümumi dəyişikliklər İrana hücumdan başqa yol olmadığını göstərirdi. Biz əvvəllər də bu məsələyə toxunanda qeyd edirdik ki, danışıqlar formal olaraq aparılır, çünki maksimalist mövqelər var: İran deyir ki, “biz öz proqramlarımızdan imtina etməyəcəyik”, ABŞ isə bildirir ki, “biz güzəştə getməyəcəyik və tələblərimiz əvvəlki kimi qalır”. Bu da onu deməyə əsas verirdi ki, artıq tərəflərin uzlaşmaqdan daha çox biri digərinə öz şərtlərini qəbul etdirmək istəyi var və bu, hərbi əməliyyatlardan başqa heç nə ilə nəticələnə bilməzdi. Ona görə də ABŞ da, İran özü də bu zərbələrə onsuz da əvvəldən hazırlaşırdılar, çünki açıq-aydın başqa yol qalmamışdı. Hər halda, bizim bilib-bilmədiyimiz faktorlar var ki, İran da, ABŞ da o faktorları nəzərə alaraq həm qarşı tərəfə necə zərər vuracağını hesablayıb, həm də qarşı tərəfin zərbələrindən necə qorunacağını müəyyənləşdirib. Yəni düşünmürəm ki, İran özünü qoruyacaq müdafiə mexanizmləri olmadan bu qədər radikal bir nöqtəyə gəlsin; əks halda danışıqlar və baş verən proseslər tamamilə fərqli olardı. Əgər belə olsaydı, İran nüvə proqramından imtina edərdi və ya raketlər məsələsində orta yol taparaq anlaşma əldə edərdi. Açığı, İranın müdafiəsi ABŞ və İsrailin müdafiəsi qədər ciddi olmasa da, bunu nəyə əsasən deyirik? Çünki Xamenei öldürüldü, onlarla yüksək rütbəli ordu mənsubları və siyasi xadimlər öldürüldü ki, bu da təbii ki, İran kimi böyük bir dövlət üçün ürək açan hal deyil. Bunun qarşılığında isə hələlik rəsmi açıqlanan 4 ABŞ əsgəri həlak olub, bir də İsraildə ona yaxın mülki şəxs".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, Yaxın Şərqdə gərginlik davamlı olaraq artır. ABŞ və İsrailin İrana endirdiyi zərbələrə cavab olaraq Tehran da hərəkətə keçib, və qarşıdurmanın genişlənmə riski yüksəlib. Diplomatik danışıqlar dayanıb, hərbi əməliyyatlar intensivləşib, bu isə regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir. Beynəlxalq ictimaiyyət isə tərəfləri təmkinli olmağa və dialoqa çağırır.

Siyasi şərhçi bildirib ki, bu vəziyyətdə İranın müdafiəsinin ABŞ və İsrailə nisbətən bir qədər zəif olduğu reallıq ön plana çıxır.

"Amma ABŞ və İsrail rəsmilərinin açıqlamalarına baxanda görürük ki, onlar İranın bu qədər yaxşı hazırlandığını gözləmirdilər və qısa bir zamanda, 2-4 gün ərzində İranda rejimi çöktürməyə ümid edirdilər. İndi ortaya bir reallıq çıxdı ki, İrandakı rejim hansısa şəxsə bağlı deyilmiş. Əgər bağlı olsaydı, ali dini lider öləndə rejim çökərdi və İran tərəfində heç bir mübarizə mexanizması qalmazdı. Amma nə oldu? Ali dini lider, müdafiə naziri və onlarla dövlət və hərbi rəsmilər öldürüldü, amma yenə də ölənlərin yerinə yeni şəxslər gəldi və ən əsası İran özü də zərbə endirərək qarşı tərəfə, hətta onun müttəfiqlərinə, 8-dən çox ölkəyə artıq hücum etdi. Bu da maraqlı statistikadır, çünki müasir tarixdə ilk ölkədir ki, eyni anda 8 ölkəyə hücum edib. Bunlar ciddi göstəricilərdir və bunları nəzərə almadan İran-ABŞ müqayisəsi aparmaq doğru olmaz. Üstün olan ABŞ və İsraildir, ancaq İran da onların gözlədiyindən daha yaxşı cavab verir və müdafiəsi zəif olsa da, əks tədbirlərlə qarşı tərəfə zərər vura bilər. İranın müharibəni dayandırmaq üçün yalnız bir alternativi var: tərəflərdən biri güzəştə getməlidir. İran tərəfi Xamenei öləndən sonra güzəştə getməyibsə, ən azından çatmaq istədikləri məqsədlərin az bir qismini də olsa əldə etmədən dayanmayacaq. Yəni əgər İran və ya ABŞ, ya da hər ikisi əməliyyatları dayandırıb danışıqlara, sülhə, ən azından atəşkəs rejiminə qayıtmaq istəyirlərsə, böyük ehtimal ki, hər iki tərəf güzəştə getməli olacaq. Daha yaxşı seçim isə bu olardı ki, qüvvələr nisbətinə görə tərəflər razılaşsın və əməliyyatlar sona çatsın. İran tərəfi artıq başa düşməlidir ki, Çindən və ya Rusiyadan birbaşa dəstək almadan ABŞ və müttəfiqlərinə qarşı mübarizə imkanları məhduddur. Ona görə də İran daha çox güzəştə getməli olacaq. Təbii ki, burada artıq təhsil və ya milli maraqları nəzərə alacaq qədər güzəştdən getmək mümkündür. Amma ABŞ üstün olduğu bir məqamda bu üstünlüyünü asanlıqla əldən verməyəcək. İran daha çox zərbə almaq istəmirsə, razılaşmalıdır. Əgər istəmirsə, onda onun geriyə yalnız bir yolu var: bütün ağrılara, bütün acılara dözmək və müharibənin uzanmasına nail olmaq. Müharibə uzandıqca ABŞ-nin xərcləri artacaq, regiondakı ehtiyatları tükənəcək və yeni ehtiyatların cəlb edilməsi daha çox zəhmət və zaman tələb edəcək. Bu isə Amerikanın xarici siyasəti üçün məqbul deyil. Çünki Amerika iqtisadiyyatı artıq Çinə qarşı iqtisadi müharibə aparır, Rusiya ilə müxtəlif sahələrdə rəqabət aparır və körfəzdə, İranda uzunmüddətli savaşa maliyyə ayıra bilməz. İran əməliyyatları ən az 2-3 həftə, bir ay uzatsa, ABŞ-nin geri çəkilməsinə və ya İranla orta səviyyəli kompromisə nail olmaq imkanları yaranacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az