"İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, əgər Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi müdaxilə edərsə, İran ABŞ-nin regiondakı hərbi bazalarını hədəfə alacaq. Bu bazaların hansı dövlətdə yerləşməsindən asılı olmayaraq, İran dövləti onları özünə birbaşa təhlükə hesab edir. Son həyata keçirilən əməliyyatlar bir daha göstərir ki, ABŞ Yaxın Şərqdə yerləşən dövlətlərdəki hərbi bazalarından maksimum dərəcədə istifadə edir. İranın özünü müdafiə etmək hüququ vardır. Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər bir dövlət özünümüdafiə hüququna malikdir. İran da bu hüquqa istinad edərək, özünə təhlükə yaradan obyektləri və hərbi qruplaşmaları neytrallaşdırmaq məqsədilə hədəfə alır. Bu baxımdan, ərəb dövlətlərində ABŞ-a məxsus hərbi bazaların mövcudluğu diqqət çəkir. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrdə yerləşən bazalar regionda ciddi risk faktoru yaradır. ABŞ bu bazalar vasitəsilə yanaşı, həmin dövlətlərin hava məkanının müdafiəsinə də maksimum dəstək verməlidir. Lakin hadisələrin gedişi göstərir ki, ABŞ bilərəkdən bu dövlətlərin hava məkanının müdafiəsində müəyyən səhlənkarlıq edir. Bu isə təsadüfi deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Yaxın Şərqdə davam edən müharibəyə qoşulan ölkələrin sayının artacağı gözlənilir. Hazırda münaqişə əsasən ABŞ, İsrail və İran arasında gedir. Lakin prosesin genişlənərək İngiltərə və Fransanın da bu qarşıdurmaya cəlb olunması ehtimal edilir. Bununla yanaşı, Küveyt, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələrinin də mərhələli şəkildə münaqişəyə qoşula biləcəyi istisna edilmir.
Siyasi şərhçi bildirib ki, əsas məqsəd İranın həmin ölkələrdə yerləşən ABŞ hərbi bazalarını hədəfə alması yolu ilə bu dövlətlərin İrana qarşı mümkün koalisiyaya cəlb edilməsinə şərait yaratmaqdır.
"Hadisələrin gedişi də göstərir ki, bəzi dövlətlər artıq açıq bəyanatlar verməyə başlayıblar. Bu cür hərbi əməliyyatların genişlənməsi isə çox ciddi fəsadlara yol aça bilər. Əgər İran körfəzi bölgəsində digər ərəb dövlətləri də münaqişəyə qoşularsa, Hörmüz boğazının bağlanması real təhlükəyə çevrilə bilər. Bu isə dünya iqtisadiyyatı üçün ağır nəticələr, qlobal miqyasda xaos və enerji böhranı yarada bilər. Eyni zamanda İranın müttəfiqləri də mövcuddur. Bildiyimiz kimi, Çin və Rusiya İranla strateji müttəfiqlik münasibətlərinə malikdirlər. Əgər bu proseslərə həmin dövlətlər də qoşularsa, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər ki, bu da bəşəriyyət üçün fəlakətli nəticələr doğurar. Şübhəsiz ki, ABŞ və İsrail kifayət qədər hərbi gücə malikdir və İranın istənilən strateji obyektini vurmaq imkanına sahibdir. Faktiki olaraq, bu hərbi əməliyyatlar zamanı müəyyən obyektlər vurulur. Lakin əsas məsələ ondadır ki, ABŞ-nin strateji məqsədi İranda hakimiyyət dəyişikliyinə nail olmaq və öz maraqlarına uyğun bir rejim formalaşdırmaqdır. Bu məqsədlə, strateji obyektlərlə yanaşı mülki əhalinin, o cümlədən 200-dən artıq məktəblinin həlak olması, dini liderlərin qətlə yetirilməsi və mülki infrastruktura zərbələrin endirilməsi İranda qorxu mühiti yaratmaq və cəmiyyəti hakimiyyətə qarşı qaldırmaq məqsədi daşıyır. Lakin reallıq ondan ibarətdir ki, bu cür hərbi əməliyyatlarla İranda hakimiyyəti dəyişmək mümkün deyil. Çünki İran güclü dövlət institutlarına və sabit idarəetmə strukturuna malikdir. Bundan əlavə, xarici müdaxilə zamanı İran cəmiyyətində xalq və dövlət arasında birlik daha da güclənir. Ümumilikdə, ABŞ-nin bu cür hərbi əməliyyatlarla İranda hakimiyyəti dəyişmək planı uğursuzluğa məhkumdur. Bunun üçün quru əməliyyatları tələb olunur ki, bu da İran ətrafındakı dövlətlərin münaqişəyə cəlb edilməsini zəruri edir. Belə bir ssenari isə regionda genişmiqyaslı xaos yaradacaq və münaqişənin sərhədlərdən kənara yayılmasına səbəb olacaq. Bu halda, İranın müttəfiqləri olan Çin, Rusiya və digər eyni mövqedən çıxış edən dövlətlərin də prosesə qoşulması Üçüncü Dünya müharibəsinin həm de-fakto, həm də de-yure başlanmasına gətirib çıxara bilər. Bu isə sonu görünməyən fəlakətlərlə nəticələnə bilər. Ümumilikdə, ABŞ-nin apardığı bu cür hərbi əməliyyatlar insanlığa qarşı törədilmiş ağır cinayət kimi qiymətləndirilməlidir. Məktəblərdə yüzlərlə şagirdin qətlə yetirilməsi açıq-aşkar hərbi cinayətdir və insanlığa qarşı cinayət hesab olunur. Buna görə də dünya ictimaiyyəti bu münaqişənin tezliklə dayandırılması üçün ciddi və qəti addımlar atmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az