İşığı azalmayan ömür - 85 yaşlı mövqenin və ləyaqətin hekayəsi

3 Mart 2026 18:51 (UTC+04:00)

Əziz Novella xanım,
Bu yazını yazmaq mənim üçün sadəcə yubiley təbriki deyil. Bu, 1988-dən başlayan bir yolun içindən gələn sözdür.
O illəri xatırlayıram…

Meydanın səsi, qarışıqlıq, qeyri-müəyyənlik. Azadlıq o vaxt şüar deyildi - risk idi. Evə qayıdanda hamımızın içində eyni sual olurdu: sabah nə olacaq?
Siz o qarışıqlığın içində qəribə bir sakitliklə dayanırdınız. Çox danışmırdınız, amma danışanda aydın olurdu ki, istiqamət var. Mən Sizi ilk dəfə elə o hisslə qəbul etmişdim - istiqamət hissi ilə.
Sonra illər keçdi. Rəhbərlik etdiyiniz Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin çərçivəsində bölgələrə gedəndə, seçkilərlə bağlı təlimlər keçəndə bir şeyi daha yaxşı anladım: Siz meydanı tərk etməmisiniz, sadəcə mübarizəni başqa mərhələyə keçirmisiniz. Küçədən instituta, emosiyadan sistemə.
Bir səfərdə - dəqiq yadımda deyil hansı rayon idi - fasilədə kənarda sakitcə oturub insanları dinləyirdiniz. O an mən anladım ki, bəlkə də Sizin gücünüz ən çox buradadır: eşitməkdə. İnsanları həqiqətən eşitməkdə.
Çoxları Sizə “Mamaşa” deyir. Bu söz təsadüfi yaranmayıb. Böhranlı anlarda insanlar kimə zəng vuracağını bilir. Sizin səs tonunuzda həmişə bir arxayınlıq olub - “narahat olma, baxarıq” deyən bir arxayınlıq.
85 yaş…
Bu rəqəm haqqında çox söz demək olar. Amma mənim üçün bu 85 il fasiləsiz mövqe deməkdir. Şərait dəyişsə də xətti dəyişməmək. Tənqidlər olsa da geri çəkilməmək. Anlaşılmadığınız zamanlarda belə sakit qalmaq.
Bəzən Sizi qəbul etmədilər, bəzən səhv anladılar. Amma Siz kölgəyə çəkilmədiniz. Bu isə ləyaqətin ən çətin formasıdır - səssiz davamlılıq.
Bu gün geriyə baxanda anlayıram ki, biz sadəcə bir dövr yaşamamışıq. Biz bir məsuliyyət daşımışıq. Və o məsuliyyəti daşıyanlardan biri də Siz olmusunuz.
Allah Sizə möhkəm cansağlığı versin, Novella xanım.
Ruhunuz yorulmasın.
İşığınız azalmadan qalsın.
Tarix kiminsə adını yazır.
Amma insanın qəlbində yer tutmaq başqa məsələdir.
Siz o yerdəsiniz.

Əliməmməd Nuriyev