"Hesab edirəm ki, bu, müsbət addımdır. Əgər Ermənistan bu məsələlər üzrə konkret nəticələr əldə etmək istəyirsə, yəni Konstitusiyada Azərbaycanın narahat olduğu və dəyişdirilməsini tələb etdiyi maddələr üzrə real addımlar atırsa, bu, çox müsbət bir tendensiyadır. Biz əvvəldən bildirmişdik ki, əgər Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi iddiaları ilə bağlı maddələr aradan qaldırılarsa, bunu qəbul edə bilərik. Bu halda, tərəflər arasında anlaşmanın əldə olunması üçün yeganə problemli məsələ həll olunmuş sayılır. İctimai müzakirənin mart ayında aparılacaq olması yalnız müsbət qiymətləndirilə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi demək olar ki, hazırdır, lakin preambula, birinci fəsil və baş nazirlə bağlı məsələlər hələ müzakirə olunmayıb. Srbuhi Qalyan bildirib ki, layihə martda ictimai müzakirəyə çıxarılacaq və hökumət istənilən təklifə açıqdır. O əlavə edib ki, məqsəd Ermənistanın sülhünü qorumaq və ərazi bütövlüyünü təhdid etməməkdir. Mətnin ikinci və üçüncü fəsilləri birləşdirilib, sosial təminatlar daha aydın ifadə olunur.
Siyasi şərhçi bildirib ki, Ermənistan bu istiqamətdə addımlar atmalı, Konstitusiyada zəruri dəyişiklikləri etməli və etimad mühitinin formalaşmasına imkan yaratmalıdır.
"Bununla qarşılıqlı olaraq hər hansı bir problem qalmayacaq. Hesab edirəm ki, bu, iki dövlət arasında münasibətlərin və regionda etimad mühitinin yüksək səviyyədə təmin olunmasına imkan verən mühüm bir addımdır. Artıq bizim aramızda problemli hər hansı bir məsələ qalmayıb".
Rəfiqə Namazəliyeva,
AzNews.az