Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, nazirlik yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticələrinə əsasən, namizədliyini irəli sürmüş 16 nəfərdən 11-i səs çoxluğu qazanaraq İctimai Şuraya üzv seçilib.
İctimai Şuralara keçirilən son seçkilər xüsusi vurğulayaq ki, dövlət qurumları yanında formalaşan ictimai nəzarət mexanizmlərinin daha sistemli mərhələyə keçdiyini göstərir. Lakin məsələ təkcə seçkinin keçirilməsi ilə yekunlaşmır. Əsas sual ondan ibarətdir ki, bu proses keyfiyyət dəyişikliyi yaradırmı?
Bir müddət əvvəl İctimai Şuralara (İŞ) seçkilər real ictimai təmsilçilikdən çox, texniki manipulyasiya meydanını xatırladırdı. Namizədlər tərəfindən süni şəkildə formalaşdırılmış “seçici qrupları”, eyni şəxslərin müxtəlif qurumlarda paralel şəkildə İŞ üzvü olması, formal QHT şəbəkələri üzərindən səslərin yönləndirilməsi kimi hallar demək olar ki, ardıcıl xarakter almışdı. Bir nəfərin eyni vaxtda 4-5 qurum yanında İctimai Şurada təmsil olunması artıq normaya çevrilmişdi. Bu isə institusional məsuliyyəti yox, şəxsi mövqe qazanmaq motivasiyasını önə çıxarırdı.
Hazırkı mərhələdə isə müəyyən nizam-intizamın yarandığı müşahidə olunur. Seçici siyahılarının dəqiqləşdirilməsi, təkrar təmsilçilik hallarının azaldılması, komissiya nəzarətinin gücləndirilməsi əvvəlki xaotik mühitlə müqayisədə irəliləyişdir. Bu, ictimai nəzarət institutunun legitimliyini artırmaq baxımından müsbət tendensiyadır. Dövlət–vətəndaş cəmiyyəti münasibətlərində formal görüntüdən real mexanizmə keçid üçün ilk şərt məhz prosedur təmizliyidir. Bu mərhələdə müəyyən irəliləyişin olduğu açıq görünür.
Lakin ikinci və daha ciddi məsələ seçilənlərin fəaliyyətinin effektivliyidir. Artıq İŞ-lara əvvəlki illərlə müqayisədə daha peşəkar, sahə üzrə ixtisaslaşmış şəxslərin seçilməsi müşahidə olunur. Şuralara strateji istiqamətdə ekspert səviyyəsində müzakirə aparmaq bacarığı olan üzvlərin təmsilçiliyi prinsipial əhəmiyyət daşıyır. Ancaq sual qalır: İctimai Şuralar real təsir imkanına malikdirmi?
Əgər İŞ yalnız rəyvermə və formal müzakirə platforması olaraq qalırsa, onun peşəkar tərkibi də nəticə doğurmaya bilər. İctimai Şuranın institusional funksiyası – ictimai nəzarət, rəy formalaşdırmaq, qərarların ictimai legitimliyini gücləndirmək və ictimai narazılıqları sistem daxilində artikulyasiya etməkdir. Əgər bu funksiyalar praktiki müstəviyə keçmirsə, İŞ-lar yenidən formal institut statusuna qayıda bilər.
Bu baxımdan yeni seçilən İŞ tərkibləri qarşısında iki əsas vəzifə dayanır:
Birincisi, daxili təşkilati aktivliyi artırmaq və müzakirələri real problemlər üzərinə yönəltmək;
İkincisi isə ictimaiyyətlə kommunikasiya mexanizmlərini gücləndirmək.
Şura qərarlarının, rəy və tövsiyələrinin açıq şəkildə ictimaiyyətə təqdim olunması onun legitimliyini artıran əsas faktordur.
Nəticə etibarilə, əgər İctimai Şuralar real təsir mexanizminə çevrilə bilməsə, peşəkarlaşma prosesi də gözlənilən nəticəni verməyəcək. Dövlət idarəçiliyində ictimai iştirakçılığın keyfiyyəti artıq formal seçki ilə deyil, real təsir gücü ilə ölçülməlidir.
Zeynal ABDİN