“ABŞ və İsrailin zərbələrinin növbəti mərhələsi İran üçün daha sərt olacaq” – Azər Həsrət

3 Mart 2026 22:35 (UTC+04:00)

"Prezident Donald Tramp özü də bildirib ki, ABŞ-nin İrana zərbələri hələ tam gücü ilə özünü göstərməyib. Əgər tam gücü ilə özünü göstərməyibsə, bundan sonra göstərəcəklərini göz önünə gətirəndə doğrudan da dəhşətli mənzərə yaranır. Çünki İsrail və ABŞ faktiki olaraq İranın nəfəsini kəsiblər: İranın ali dini rəhbəri öldürülüb, ardınca yüksək vəzifəli şəxslər, hətta müdafiə naziri də öldürülüb. Bundan daha dəhşətli nə ola bilər? Prezidentin öldürülməsi də mümkündür. Amma hamımız bilirik ki, İranda əsas söz sahibi prezident deyil, ali dini rəhbərdir. Ona görə də növbəti mərhələdə hazırda məhdud şəkildə həyata keçirilən hücumların daha da intensivləşəcəyi gözlənilir. Hazırda ABŞ polis idarələrini, SEPAH-ın ayrı-ayrı ofislərini və rejimə bağlı qurumları vurur. Növbəti mərhələdə isə ölkənin müxtəlif bölgələrində dövlət idarəçiliyinə aid bütün qurumların hədəfə alınması ehtimal olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marco Rubio bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının növbəti mərhələsi Tehran üçün daha ağır nəticələrə səbəb olacaq. O vurğulayıb ki, taktiki detallar açıqlanmayacaq, amma ABŞ silahlı qüvvələrinin əsas və daha güclü zərbələri hələ endirilməyib. Rubio əlavə edib ki, əməliyyatın növbəti mərhələsi İran üçün indiki mərhələdən daha sərt olacaq.

Siyasi şərhçi bildirib ki, faktiki olaraq İranı iflic vəziyyətinə salmaq, əhaliyə zərər vermədən dövlət aparatını zəiflədərək istənilən istiqamətdə formalaşdırmaq ssenarisi mümkündür.

"Bu proses Venesuelada daha rahat keçdi: prezident ölkədən uzaqlaşdırıldı, vitse-prezident isə ABŞ ilə anlaşdı. Hazırda prezident vəzifəsini icra edən Delsi Rodriges ilə bağlı da belə bir anlaşmanın olduğu bildirilir. Ona görə də Venesuelada genişmiqyaslı fəlakətlər yaşanmadı. Amma İranda dirəniş var. Bu dirəniş xalqdan çox, ali dini rəhbərlik və ona bağlı qüvvələr tərəfindən göstərilir. ABŞ isə onları tam şəkildə zəiflətmək və dizə gətirmək əzmindədir. Görünür, bunun anonsu həm Donald Tramp, həm də Marco Rubio tərəfindən verilir. Gözləmək qalır ki, hadisələr hansı istiqamətdə inkişaf edəcək. Mövcud yanaşmaya görə, İranın tam şəkildə zəiflədilməsi və istənilən formada yenidən şəkilləndirilməsi məqsədi güdülür".

Rəfiqə Namazəliyeva,

AzNews.az