Nazirlik tələbələrlə bağlı yeni qaydalar hazırlayır

18 Sentyabr 2013 12:34 (UTC+04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə təhsil alan tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa hansı hallarda köçürülməsi (daxili köçürülmə) ilə bağlı yeni qaydalar hazırlayır. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Yeni qaydalar təsdiqləndikdən sonra onun detalları barəsində əlavə məlumat veriləcək.

Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməyə görə, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi birinci kurs və axırıncı semestr istisna olmaqla, Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyi tərəfindən həyata keçirilir.

Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir. Bununla bağlı müraciətlərə Təhsil Nazirliyinin müvafiq şöbəsində (Elm, ali və orta ixtisas təhsili şöbəsində) baxılır, sənədlər araşdırılır.

Əsaslandırılmış səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) şöbənin verdiyi təqdimat əsasında tələbənin köçürülməsinə razılıq verilir.

AzNews.az