Facebook səhifəsinə görə insanlara kredit verilir?

18 Sentyabr 2013 12:44 (UTC+04:00)
Dünyanın bir sıra inkişaf etmiş ölkələrində kreditlərin verilməsi zamanı bank tərəfindən borc alan şəxsin sosial şəbəkələrdə olan profillərinin nəzərdən keçirildiyi məlum olub. Borc verənlər bu addımları ilə şəxsin psixoloji durumunu, kimlərlə dostluq etməsini, paylaşmalarını gözdən keçirir və son nəticədə götürülən kreditin vaxtı-vaxtında geri qaytarıb-qaytarmayacağı ilə bağlı yekun qərara gəlirlər.

AzNews.az ictnews-a istinadən bildirir ki, hazırda bu texnologiya geniş yayılmasa da, ona olan marağın artdığı hiss olunur. Artıq bundan sonra kreditin əldə edilməsi borcalanın təkcə kredit tarixçəsindən və məsuliyyətliliyindən deyil, həm də sosial şəbəkələrdəki dostlarının etibarlılığından asılı ola bilər.

Qeyd edək ki, kreditlə məhsul satan bir sıra iri innovasiyalı şirkətlər də borcalanın kredit ödəmə qabiliyyətini qiymətləndirmək prosesində şəxsin sosial şəbəkələrdəki dostlarının profillərində borcalan haqqında araşdırma aparır. Məsələn, "Lenddo" şirkəti borcalanların dost siyahısına baxaraq, onlardan hansınınsa nə vaxtsa kredit ödənişlərində gecikmələr edib-etmədiyini müəyyən etməyə çalışır. "Lenddo" şirkətinin işinin əsas mahiyyəti ondan ibarətdir ki, insan öz onlayn reputasiyasını qurmaq sayəsində kredit resurslarına çıxış əldə edir. Onun onlayn nüfuzu isə ilk növbədə sosial şəbəkədəki əlaqələrindən asılı olur. 2011-ci ildə yaradılmış bu şirkət hazırda bir çox ölkələrdə təmsil olunur.

Almaniyadan digər bir şirkət – "Kreditech" də istifadəçilərin "eBay", "Amazon" və "Facebook" məlumatlarından istifadə edərək ona kredit verməyin riskli tərəflərini araşdırır.

AzNews.az