Gədəbəy rayonunda baş verən hadisə ilə bağlı daha bir fakt ictimailəşib. Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi Ruslan Mustafayevə müxtəlif qurumların adından saxta mükafat təqdim edən Fəqani Hüseynov saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulan şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Gədəbəy Rayon Məhkəməsi işə baxaraq Fəqani Hüseynov haqqında 10 sutkalıq inzibati həbs qərarı çıxarıb.
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə özünü jurnalist kimi təqdim edən həmin şəxs “Azərbaycan Respublikası Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın adından” ifadəsini işlədərək Ruslan Mustafayevə “fəxri diplom” təqdim etmişdi. Sözügedən təqdimatın videogörüntüləri yayıldıqdan sonra geniş müzakirələrə səbəb olmuşdu.
AzNews.az