“Qarabağ”ın bizə verdiyi ən böyük dərs - Adəm İsmayıl yazır

4 Mart 2026 18:21 (UTC+04:00)

Bu gün Azərbaycan cəmiyyətində elə bir dəyər yoxdur ki, həm Bakıda, həm Təbrizdə, həm İstanbulda, həm Berlində, həm Tel-Əvivdə, həm Moskvada – ümumiyyətlə dünyanın hər bir yerində yaşayan azərbaycanlını eyni anda bir məqsəd, bir duyğu, eyni bir kimlik ətrafında birləşdirə bilsin. Bu mənada “Qarabağ” futbol klubu artıq sadəcə bir idman təşkilatı deyil – o, qlobal miqyasda milli birliyin futbol üzərindən qurulan ən real və nümunəvi modelidir.

Biz bir partiya kimi bunu qeyd etməyə bilmərik - son illər Azərbaycan futbolunun avanqardında dayanan «Qarabağ» bu gün Qurban Qurbanovla klubun futbolçularının bir vəhdətidir.

Klub artıq Avropa futbol arenasında tanınan, hörmət edilən bir brendə çevrilir. Ötən ildən Türk dünyasının media platformalarında “Qarabağ” haqqında danışılırsa, bu artıq idman nəticəsindən daha çox – siyasi-mədəni simvolun formalaşması deməkdir.

«Qarabağ»ın hər bir ölkədəki oyunu dünya azərbaycanlılarının bir araya gəldiyi qeyri-rəsmi milli toplantıya çevrilir. ABŞ-dan, Kanadadan, Almaniyadan, Skandinaviya ölkələrindən azərbaycanlılar bilet alaraq “Qarabağ”ın oyununa gəlir, tribunalarda Azərbaycan bayrağını qaldırır və milli kimliyin canlı təzahürünü nümayiş etdirirlər. Bu “banket diasporunun” diplomatiyasının illərlə edə bilmədiyini, bir futbol klubunun 90 dəqiqədə reallaşdırmasıdır.

Modelin mərkəzində isə bir lider – Qurban Qurbanov dayanır. Qurban Qurbanovun xarakterində təmkin, mərdlik, Allaha bağlılıq və məsuliyyət hissi paralel şəkildə formalaşmışdır. Onun məşqçi kimi məhsuldarlığı yalnız taktiki düşüncə ilə deyil, eyni zamanda mənəvi liderlik qabiliyyəti ilə ölçülür. Bu gün Avropanın yüz illik tarixə malik, milyardlıq büdcəsi olan futbol nəhəngləri ilə 25–30 milyonluq büdcə ilə rəqabət aparmaq – mənəvi iradənin nəticəsidir.

Bununla belə, təəssüf ki, cəmiyyət olaraq bəzən unutqanlıq nümayiş etdiririk. Klubun oyunçuları kiçik səhvlərə görə sosial mediada hücumlara məruz qalır, Qurban Qurbanova qarşı soyuqluq yaranır. Bəzən yerli çempionatda qeyri-sağlam rəqabət elementləri – qisas motivli oyunlar, uyğun olmayan stadion və hava şəraiti, lazımsız fiziki müdaxilələr “Qarabağ”ın beynəlxalq hazırlıq ritmini pozur. Halbuki, güclü “Qarabağ” – güclü Azərbaycan futbolu deməkdir.

Vəhdət Partiyası hesab edir ki, bu gün Qarabağ futbol klubu təkcə idman uğuru deyil, milli həmrəyliyin strateji platformasıdır. Klub uduzsa da, udsa da – bizim fəxrimizdir. Ağdam klubu Azərbaycanın adını Avropanın futbol xəritəsində artıq təsdiqlətdirib.

Biz xalq olaraq unutqan olmamalıyıq. “Qarabağ”ın yanında olmaq – milli birliyin yanında olmaqdır. Patiyamızın Azərbaycanın müxtəlif bölgələrindən olan hər bir üzvü hesab edir ki, Ağdam klubu azərbaycanlıları bir araya gətirən nadir simvollardan biridir.

“Qarabağ” bu gün təkcə meydanda deyil, milli yaddaşımızda da qalib gəlir.

Və bu qələbə – hamımızındır. Müasir dünyada dövlətlər artıq yalnız diplomatik nümayəndəliklərlə, iqtisadi müqavilələrlə və ya siyasi bəyanatlarla tanınmır. Bu gün qlobal imic – mədəniyyət, idman, incəsənət və simvolik institutlar vasitəsilə formalaşır. Bu kontekstdə “Qarabağ” Futbol Klubu Azərbaycanın “yumşaq güc” (soft power) alətlərindən birinə çevrilmişdir. “Qarabağ” bu gün yalnız bir klub deyil – o, Azərbaycanın beynəlxalq sistemdə tanınmasının, qəbul edilməsinin və hətta rəğbətlə qarşılanmasının qeyri-rəsmi platformasıdır.

“Qarabağ” post-münaqişə dövründə Azərbaycanın yeni milli simvollarından birinə çevrilmişdir. “Qarabağ” adı bu gün təkcə torpaq deyil, həm də qürur, müqavimət və qayıdış ideyasının beynəlxalq səviyyədə tanınan metaforasıdır. Klubun adı artıq təkcə coğrafi məkanı yox, həm də qürur, müqavimət və qayıdış ideyasını simvolizə edir.

Qarabağ bu gün yalnız qol vurmaqla deyil, milli kimliyi qorumaqla qalib gəlir.

Və bu qələbə – hamımızın ortaq siyasi və sosial kapitalıdır. Müasir dünyada informasiya müharibəsi bəzən silahlı müharibədən daha uzunömürlü və daha təsirli olur. Onilliklər boyu erməni təbliğatı Qarabağı “Artsax” adı ilə beynəlxalq ictimaiyyətə sırımağa çalışdı. Xarici mediada, idman platformalarında, ictimai rəy mühitində bu termin dövriyyəyə buraxılır, coğrafi və tarixi həqiqətlər təhrif edilirdi. Lakin bir məqam var ki, onu heç kim dana bilməz: Qarabağ Futbol Klubunun mövcudluğu milyonlarla futbol azarkeşinə bir həqiqəti göstərdi – Qarabağ Azərbaycan torpağıdır.

Avropa stadionlarında “Qarabağ” adı səslənəndə, milyonlarla insan xəritəyə baxır, maraqlanır, öyrənirdi. 2020-ci ilə qədər dünya qəbul edirdi ki, Qarabağ ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır. Bu idrakın formalaşmasında Qarabağ Futbol Klubunun illərlə apardığı əzmkar mübarizənin, Avropa meydanlarında göstərdiyi qətiyyətin xüsusi rolu oldu.

Bundan əlavə, klub çıxış edən stadionlarda – fərq etməz Bakıda, Londonda, Romada və ya başqa bir Avropa şəhərində – şəhidlər hər zaman yad edilir. Azərbaycan bayrağı qaldırılır, milli marş səslənir və “Qarabağ” adı bir müqəddəs anlayış kimi qorunur. Bu, artıq futbol deyil, milli yaddaşın qorunmasıdır.

Bu gün stadionlara baxaq: nazirdən fəhləyə, siyasətçidən alimə, müəllimdən tələbəyə qədər cəmiyyətin bütün zümrələri bir tribunada dayanır və “Qarabağ!” deyə qışqırır. Orada sosial status yoxdur. Orada siyasi fərq yoxdur. Orada yalnız bir kimlik var – Azərbaycan. Bu, “Qarabağ”ın bizə verdiyi ən böyük dərsdir: birlik dərsi.

Bu gün biz öz qəhrəmanlarımızı kiçiltməməliyik. Oyunçular səhv edə bilər. Məşqçi taktiki risk edə bilər. Amma biz onları tək buraxmamalıyıq. Əksinə, uduzanda daha çox dəstək olmalıyıq. Onlar bilməlidirlər ki, arxalarında bir millət dayanır.

Onlar əmin olmalıdırlar ki, “Qarabağ” yalnız qalib gələndə bizim deyil. “Qarabağ” uduzanda da bizimdir.

Çünki “Qarabağ” bizə bir dərs verdi:

Millət o zaman güclü olur ki, simvollarına sahib çıxır.

Adəm İsmayıl Bakuvi,

Vəhdət Partiyasının sədri