13 nömrəli marşrut- Əzablı yollarla

18 Sentyabr 2013 13:31 (UTC+04:00)
Onsuz da kişmiş boyda olan gözlərim səhərlər yuxudan oyananda bir az da balacalaşıb görünməz hala düşür.

Bu gözəlim gözlərimi bir az ovuşdurub birtəhər aça bildim. Səhərəcən başımın üstündə növbətçi kimi dayanıb həmişə arzuladığım adamdan heç vaxt gəlməyən (yəqin ki, heç vaxt da gəlməyəcək) sms-in yolunu gözləyən mobil telefonumun saatına baxdım: 8:00. Sevincək oldum. Nəhayət ki, bu gün işə gecikməyəcəkdim. Yataqdan qalxıb mışıl-mışıl uyuyan balamı öpdüm. Birdən səhər yeməyi üçün onun çox sevdiyi omlet bişirmək keçdi könlümdən. Vaxtım varsa, niyə də yox?!

Keçib mətbəxdə əməlli-başlı "arvadlanıb" səhər yeməyi hazırladım.
Yavrum Oğuzxanı oyadıb günə yaxşıca başlanğıc etdim. Bu səhər güzgüdə də üzüm gözümə daha gözəl dəydi.
...

"Yaxşı başlanğıclar həmişə yaxşı sonra və sonluqlar demək deyil", - deyib, məni buracan pozitiv axan günümün və yazının aurasını dəyişmək zorunda qoyan avtobus sürücüsü adından özümdən və hamınızdan üzr istəyirəm.

"Azadlıq prospekti" metrosunun yanında əyləşdiyim 13 nömrəli avtobusda (nömrə nişanı - 90 XX 143) demək olar ki, yol boyu qolumdakı saata azı 4-5 dəfə baxıb işə vaxtında, bəlkə də tez çatacağımın keyfini çıxarırdım. Marşrut gedəcəyim ünvana yaxınlaşanda yerimdən qalxıb oturacaqlardan yapışa-yapışa gəlib sürücünün yanında dayandım. Qarşıda saxlamasını istədim. Hər gün bu və o biri maşrutlar buradaca saxlayıb sərnişinləri endirib, götürür. Gediş haqqını uzatdım, o da haqqını çıxıb qalığı qaytardı. Və elə bu anda da qəfildən əyləci basdı. Pulu alıb, avtobusun ləngərinin dayanmasını gözlədim. Sürücü dönüb üstümə bozardı:

- Nə gözləyirsən, düş də!!!

Avtobus tam dayanmadan özümü niyə atmalı olduğumu anlamadığımı dedim. Bunu dediyimi gördüm, ağzında dayandığım qapı necə çırpıldısa, diksindim. Nə baş verdi? Mən anlayanacansa, sürücünün yüz batman balla yeyilməyəcək sözlərini dinləyə-dinləyə xeyli yol getmişdik. Hər şey bir yana, bu gün də işə gecikəcəyimi fikirləşəndə dəliyə döndüm. Sürücüdən tələb etdim:

- Tez olun, məni geri qaytarın!!! Sizdən nazirliyinizə şikayət edəcəm.

- Nə deyirəm, hara bərkdi, get başını vur. Heç kimdən qorxmuram. Yeri gələndə ora "astanofka" deyildi. Qadınsan deyə, hörmət edib saxladım.

Adını soruşdum. Sürəti dəyişib mənimlə məzələnməyə keçdi. Hırıldaya-hırıldaya:

- Əliyev Əli Vəli oğlu.

Ardıyca sürücü bir yana, sərnişinlər üstümə hücum çəkməzmi?!. Hələ-hələ, silikon dodaqlı, tatuaj qaşlı ana-bacılar və "ana-bacı partiyası"ndan olan qardaşlar od yağdırmağa başladı:

- Nə olub ee, burda?! Dunya dağılmayıb ki?! Ayıbdı sənin üçün. Nə savaşırsan?! Cavan gəlinsən. O da sənin qardaşın. Bir səhvdi edib. Düş get. Azərbaycan qadınına yaraşmaz axı söz güləşdirmək!

Artıq anladım ki, bir sürücü ilə savaşıb haqqını onun caynağından xilas etmək olar. Ama bir avtobus insanın caynağından özünü sağ qurtara bilməzsən. Sürücüləri tərbiyə eləyən də elə belələri deyilmi?

Avtobus dayanmışdı. Dönüb boğazımı boğan qəhərlə hamının üzünə tək-tək nəzər saldım. Yavaş-yavaş nifrətin zirvəsindən endim. Bu, hər mənada yenilgiydi. Savadsız və bədbəxt kütləyə yenilgi.

İş başında

Saat 11:30. 10 manat verdiyim taksiylə nəhayət işə çatmışam. Yorğun və ümidsiz addımlarla pillələri qalxıb bir başa... gedirəm. Əl-üzümə bir az su vurub sakitləşəndən sonra güzgüyə boylanıram. Səhər evdə gördüyüm o simadan əsər-əlamət yoxdu.
...

480 42 86 - Nəqliyyat nazirliyinin qaynar xəttinə zəng vururam. Məni 563 24 44 nömrəli telefona yönləndirlər. Katibə, müdirin yerində olmadığını deyir, niyəsini soruşuram, cavab gəlir:

- Nə bilim, iş adamıdı, seçkiylə bağlı o qədər işlər var, burda oturası deyil ki.

223 60 36 – bu, yönləndirildiyim yeni nömrədi. Bu nömrədə adam tapmaq cəhdim puç olur.

431 74 37 - Mətbuat xidməti. Zəngə cavab verən xanım öz məlahətli səsiylə məni feyziyab edib deyir:

- Namiq bəy xəstədi, işə çıxmır.

561 76 28 - Və yenə bir nömrə verilir. Və ordan da verilən başqa bir yenisi:

498 56 09 - Nəhayət, bu nömrə boğanağından da bir adam çıxıb (artıq bu nömrəni unutmuşam) məni ətraflı dinləyir. Ad-familiyamı götürüb sağollaşmaq istəyəndə deyirəm: "Yəqin ki, həmin sürücü gəlib məndən üzr istəyəcək, sonra işdən azad olunacaq, deyilmi?"

- Xeyir, xanım, bu halda belə şey edə bilmərik. Əgər siz bunu tələb edirsinizsə, gərək "Dövlət Avto-nəqliyyat xidməti"nə yazılı ərizə ilə şikayət edəsiniz.

Elektron ünvanlarının və yaxud da mail adreslərinin olub-olmadığını soruşuram. O da yoxmuş...

Beləcə, bir nəfər tapıb dərdini demək üçün vətəndaşı numerologiya araşdırmaçısına döndərirlər. Gör indi yazılı şikayətə cəhd eləyənin aqibəti nə olar! Belə çıxır soyuq su içməkdən başqa çarə yoxdu?..

AzNews.az