"Hazırda tərəflər arasında birbaşa danışıqların aparıldığına dair təsdiqlənmiş məlumat yoxdur. Üçüncü ölkələr vasitəsilə müəyyən təmas cəhdləri barədə açıqlamalar səslənsə də, onların nə dərəcədə real və effektiv olduğu sual altındadır. Mövcud vəziyyət qarşıdurmanın ən sərt mərhələlərindən birinin yaşandığını göstərir və indiki şəraitdə rəsmi danışıqların başlanması ehtimalı olduqca aşağı qiymətləndirilə bilər. Adətən bu tip hərbi-siyasi eskalasiyalarda danışıqlar yalnız zərurət yarandıqda gündəmə gəlir. Bu isə iki halda baş verə bilər: ya tərəflərdən birinin resursları ciddi şəkildə tükənər, ya da fors-major xarakterli hadisə regional və qlobal təhlükəsizlik üçün daha böyük risklər yaradaraq diplomatik müdaxiləni qaçılmaz edər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
Qeyd edək ki, Yaxın Şərqdə İran–ABŞ–İsrail xətti üzrə davam edən hərbi eskalasiya və artan gərginlik şəraitində diplomatik kanalların yenidən aktivləşdirilməsi məsələsi beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib. Regionda cərəyan edən hadisələr yalnız təhlükəsizlik arxitekturasına deyil, eyni zamanda qlobal güclərin strateji planlamasına da ciddi təsir göstərir. Mövcud münaqişə fonunda tərəflər arasında birbaşa və ya vasitəçilər üzərindən təmasların mümkünlüyü xüsusi diqqət mərkəzindədir.
Siyasi şərhçi bildirib ki, hazırkı mərhələdə İranın ciddi itkilərlə üzləşdiyi müşahidə olunur.
"Yüksək rütbəli şəxslərin həlak olması, hərbi infrastrukturun zədələnməsi və ölkə ərazisinə endirilən zərbələr Tehranın mövqeyini zəiflədən amillər kimi qiymətləndirilə bilər. Bu fonda ABŞ və İsrailin hərbi baxımdan daha üstün mövqedə olduğu görünür. Belə şəraitdə üstün tərəfin danışıqlara xüsusi maraq göstərməsi üçün ciddi motivasiya formalaşmaya bilər. Digər tərəfdən, İran rəsmiləri də hazırkı mərhələdə danışıqlara getməyəcəklərini bəyan edir və daha çox cavab addımları və “qisas” ritorikasına üstünlük verirlər. Bu isə yaxın perspektivdə diplomatik kanalların açılmasını daha da çətinləşdirir. Danışıqlar üçün real zəmin yalnız qarşıdurmanın miqyasının genişlənməsi və bunun qlobal nəticələr doğurması halında yarana bilər. Məsələn, strateji keçidlərin bağlanması, enerji təchizatında ciddi fasilələr və neft qiymətlərində kəskin artım kimi amillər beynəlxalq aktorları fəal vasitəçilik təşəbbüslərinə sövq edə bilər. Bu halda üçüncü və ya dördüncü tərəflərin prosesə müdaxiləsi ilə müəyyən diplomatik platforma formalaşa bilər. Eyni zamanda, İranın qarşıdurmanı bölgə miqyasında genişləndirməklə və strateji kommunikasiya xətlərinə təzyiq göstərməklə ABŞ-ı danışıqlara məcbur etməyə çalışdığı ehtimalı da istisna edilmir. Bu, klassik asimmetrik cavab strategiyasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ümumilikdə isə hazırkı dinamika göstərir ki, yaxın günlərdə hərbi əməliyyatların davam etməsi, ABŞ və İsrail tərəfindən zərbələrin sürməsi, İranın isə raket və dron hücumları ilə cavab verməsi daha real ssenari kimi görünür. Əlavə risk isə qarşıdurmanın regionun digər ölkələrini də cəlb edərək daha genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalıdır. Beləliklə, indiki mərhələdə diplomatik həll perspektivi zəif görünür və prosesin inkişafı əsasən hərbi balans və regional risklərin dərinliyindən asılı olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az