"Hazırda ölkədə bu istiqamətdə zəruri təməlin formalaşdırılması vacibdir. İstər süni intellekt, istər rəqəmsallaşma, istərsə də yüksək texnologiyalar və kibertəhlükəsizlik sahəsində yaxın gələcəkdə dünya ölkələri ilə rəqabət aparmaq, geri qalmamaq istəyiriksə, mütləq şəkildə bu sahələrin əsasını indidən qurmalıyıq. Bu təməlin formalaşdırılması üçün ilk növbədə orta ümumtəhsil məktəblərində süni intellekt və yüksək texnologiyalarla bağlı dərslərin tədrisinə başlanılmalıdır. Eyni zamanda məktəblər müasir maddi-texniki baza ilə təmin edilməli, həm müəllimlər, həm də valideynlər bu prosesə dair ciddi şəkildə maarifləndirilməli və fəal şəkildə cəlb olunmalıdır. Artıq dövr tamamilə dəyişib. Müharibələrin belə kiberməkanda aparıldığının şahidi oluruq. Ənənəvi mənada qoşunların üz-üzə gəlməsi əvvəlki qədər aktual deyil. Pilotsuz uçuş aparatları, rəqəmsallaşdırılmış müasir raket sistemləri və digər texnoloji vasitələr vasitəsilə dövlətlər bir-birilərinə qarşı mübarizə aparırlar. Yaxın gələcəkdə bu prosesin daha da təkmilləşəcəyi və texnologiyaya əsaslanan rəqabətin əsas üstünlük meyarına çevriləcəyi qaçılmazdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların gündəlik həyatına ciddi təsir göstərir. İnternet və sosial şəbəkələr informasiya əldə etmək, ünsiyyət qurmaq və öyrənmək üçün geniş imkanlar yaratsa da, eyni zamanda kibertəzyiq, zərərli məzmun, dezinformasiya və rəqəmsal asılılıq kimi riskləri də artırır. Bu kontekstdə 27 fevral 2026-cı il tarixində Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması ilə bağlı sərəncam imzalayıb. Sənəd təhsil proqramlarında rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının gücləndirilməsini, eləcə də valideyn və müəllimlərin maarifləndirilməsini nəzərdə tutur.
Ekspert bildirib ki, yaxın illərdə yüksək texnologiyalar həyatın ayrılmaz tərkib hissəsinə çevriləcək.
"Buna görə də bu sahəyə səthi yanaşmaq olmaz. Vaxtında düzgün strategiya qurmalı, təməli möhkəm atmalı və qlobal inkişafla ayaqlaşmağa çalışmalıyıq. Potensiallı gənclərimizi üzə çıxarmalı və onların vasitəsilə yüksək texnologiyalar sahəsinə inteqrasiyanı sürətləndirməliyik. Bu prosesdə ilk addım geniş maarifləndirmədir. Şagird bilməlidir ki, niyə məhz bu sahəyə yönəlməlidir. Süni intellekt, kibertəhlükəsizlik, data analitikası, informasiya texnologiyaları və digər yüksək texnologiya istiqamətləri barədə orta məktəbdən etibarən sistemli məlumat verilməlidir. Bu sahələrin perspektivləri şagirdlərə izah olunmalı və onların marağı formalaşdırılmalıdır. Eyni zamanda sual yaranır: əgər bu ixtisasların tədrisinə orta məktəbdə başlasaq, bu sahədə dərs deyə biləcək kadr potensialımız varmı? Hazırda müəllimlərin işə qəbulu imtahanlarında hər fənn üzrə hansı ixtisas məzunlarının müraciət edə biləcəyi müəyyənləşdirilir. Məsələn, informatika müəllimliyi üzrə kompüter mühəndisliyi və informasiya texnologiyaları ixtisasını bitirən məzunlar da müraciət edə bilirlər. Bu təcrübə göstərir ki, uyğun sahə mütəxəssislərindən məktəblərdə yararlanmaq mümkündür. Əgər informatika fənnini kompüter mühəndisləri və informasiya texnologiyaları üzrə məzunlar tədris edə bilirsə, eyni yanaşma süni intellekt və digər yüksək texnologiya fənlərinə də tətbiq oluna bilər. Kompüter mühəndisliyi, kompüter elmləri və informasiya texnologiyaları ixtisaslarını bitirmiş şəxslər pedoqoji fəaliyyət üçün imtahana cəlb olunaraq orta məktəblərdə bu sahələri tədris edə bilərlər. Hətta hesab edirəm ki, bəzi hallarda sahə üzrə ixtisaslaşmış mütəxəssislər bu mövzuları daha dərindən və praktik yönümlü şəkildə tədris etmək imkanına malikdirlər. Digər mühüm məsələ isə bu sahələrin ayrıca fənn kimi, yoxsa informatikanın tərkibində integrativ formada tədris edilməsidir. Mənim fikrimcə, yalnız informatika fənni çərçivəsində bu mövzuların verilməsi kifayət etmir. İnformatika dərslərində müəyyən mövzuların siniflər üzrə genişləndirilməsi mümkündür — məsələn, bir sinifdə kibertəhlükəsizlik, digər sinifdə süni intellekt, başqa bir sinifdə data analitikası kimi mövzular əlavə edilə bilər. Lakin daha məqsədəuyğun variant informatika fənnindən əlavə olaraq “Yüksək texnologiyalar” və ya “Süni intellekt” adlı ayrıca fənnin tədrisidir. Çünki informatika ilə kompüter yönümlü sahələr arasında oxşarlıqlar olsa da, müəyyən fərqlər mövcuddur. Süni intellekt və kibertəhlükəsizlik daha spesifik və tətbiqyönümlü biliklər tələb edir. Burada məntiqi təfəkkür, sahə bilikləri və multidissiplinar yanaşma ön plana çıxır. Süni intellekt proqramlarını hazırlayanlar yalnız kompüteri mükəmməl bilən şəxslər deyil. Məsələn, təhsil sahəsi üçün süni intellekt proqramı hazırlanırsa, həmin şəxs pedaqogikanı da bilməlidir. Mühasibatlıq və ya iqtisadiyyat sahəsində proqram hazırlanırsa, o sahənin spesifik biliklərinə sahib olmaq vacibdir. Bu səbəbdən süni intellekt və yüksək texnologiyalar sahəsinin tədrisində yalnız informatika müəllimləri ilə kifayətlənmək düzgün olmaz. Kompüter yönümlü mütəxəssislərlə yanaşı, digər sahə mütəxəssisləri də prosesə cəlb edilməlidir. Məsələn, kənd təsərrüfatı sahəsində süni intellekt tətbiqi hazırlanırsa, həm kompüter mütəxəssisi, həm də kənd təsərrüfatı üzrə mütəxəssis birgə çalışmalıdır. Yəni bu istiqamət daha geniş, daha perspektivli və multidissiplinar xarakter daşıyır. Bu, sadəcə informatika ilə məhdudlaşan bir sahə deyil, ölkənin gələcək inkişaf modelinin əsas komponentlərindən biridir".
Rəfiqə Namazəliyeva,
AzNews.az