"Bu sərəncamın imzalanması müasir dövrün reallıqlarını nəzərə alan çox vacib bir addımdır. Çünki bu gün uşaqların həyatında rəqəmsal mühit artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Onlar informasiya əldə edir, ünsiyyət qurur, öyrənir və vaxtlarının böyük hissəsini məhz onlayn mühitdə keçirirlər. Buna görə də bu mühitdə təhlükəsizliyin təmin olunması yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin və təhsil sisteminin də diqqət mərkəzində olmalıdır. Hazırda uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi əsas risklər arasında zərərli və yaşa uyğun olmayan məzmun, kiberbullinq, şəxsi məlumatların paylaşılması ilə bağlı təhlükələr, müxtəlif manipulyativ və ya yanlış məlumatların təsiri kimi məsələlər xüsusi yer tutur".
Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
Xatırladaq ki, 2026-cı il 27 fevral tarixində Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam çərçivəsində məktəb kurikulumlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış kimi mövzular daxil edilir, valideynlər və müəllimlər üçün maarifləndirmə proqramları həyata keçirilir.
G. Əkbərova bildirib ki, bəzi hallarda uşaqlar onlayn platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.
"Bu isə onları informasiya mühitində daha həssas qrupa çevirir. Məhz buna görə məktəbin rolu burada çox əhəmiyyətlidir. Məktəb uşaqlara yalnız texnologiyadan istifadə etməyi deyil, həm də rəqəmsal mühitdə məsuliyyətli və təhlükəsiz davranmağı öyrədən bir mühitə çevrilməlidir. Rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış kimi mövzuların kurikuluma daxil edilməsi uşaqlarda erkən yaşlardan düzgün rəqəmsal vərdişlərin formalaşmasına kömək edə bilər. Eyni zamanda bu istiqamətdə müəllimlərin və valideynlərin maarifləndirilməsi də vacibdir, çünki uşağın rəqəmsal mühitdə davranışı çox vaxt həm məktəbdə, həm də ailədə formalaşır. İctimai iştirakçılıq baxımından isə bu kimi təşəbbüslərin cəmiyyət tərəfindən dəstəklənməsi və müzakirə olunması çox önəmlidir. İctimai Şuraların və vətəndaş cəmiyyəti institutlarının əsas rolu bu prosesə ictimai baxışı gətirmək, təklifləri toplamaq və həyata keçirilən tədbirlərin effektivliyinə dair rəy bildirməkdir. Bu istiqamətdə müəllimlərin, valideynlərin və ekspertlərin fikirlərinin dinlənilməsi, açıq müzakirələrin təşkili və maarifləndirici təşəbbüslərin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Ümumilikdə düşünürəm ki, bu məsələdə əsas məqsəd uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq deyil, onları bu mühitdə təhlükəsiz və məsuliyyətli şəkildə fəaliyyət göstərməyə hazırlamaqdır. Dövlətin atdığı addımlar, məktəbin rolu və cəmiyyətin iştirakı bir-birini tamamladıqda bu sahədə daha sağlam və təhlükəsiz rəqəmsal mühit formalaşdırmaq mümkün olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az