Antonio Tajani: “Münaqişənin miqyasının böyüməsi riski realdır”

5 Mart 2026 17:17 (UTC+04:00)

​Dünyanın diqqəti ABŞ-İsrail-İran xəttindədir...

​Fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayan və İranın bölgə ölkələrinə cavab zərbələri ilə davam edən Yaxın Şərq böhranı barədə Baş nazirin müavini, xarici işlər naziri Antonio Tajani və müdafiə naziri Qvido Krosetto İtaliya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasına məlumat veriblər.

"NATO və müttəfiqlərlə koordinasiya şəraitindəyik"

​Krosetto İranın Körfəz və bölgə ölkələrinə atdığı ballistik raketləri xatırladaraq bu fikirləri səsləndirib:

​"Bu, İtaliyanın istədiyi və ya arzuladığı bir müharibə deyil. Türkiyə və Kiprdə baş verənlərə görə Baş Qərargah rəisinə milli hava və ballistik raketdən müdafiə sistemlərinin ən yüksək səviyyəyə çatdırılması barədə göstəriş vermişəm. NATO və müttəfiqlərlə koordinasiya şəraitindəyik, çünki ehtiyatsız reaksiya qarşısında hər şey gözlənilə bilər".

​İtaliyanın Yaxın Şərqdəki hərbi mövcudluğunu yenidən nəzərdən keçirdiyini bildirən nazir Krosetto deyib: "Bölgədəki qüvvələrimizi yenidən qiymətləndirməli və çətin vəziyyətdə olan dost ölkələrin müraciətlərinə cavab verməliyik. Yaxın Şərqdə pilotsuz uçuş aparatları və raketdən müdafiə sistemləri ilə çoxşaxəli hərbi qüvvə yerləşdirməyi planlaşdırırıq".

​Tajani də dünən İrandan atılan və Türkiyənin hava məkanına yönələn ballistik sursatların vurulmasını xatırladaraq bildirib: "Təəssüf ki, son bir neçə saatda vəziyyət daha da mənfi istiqamətdə inkişaf edib. İran Körfəz ölkələrində strateji infrastruktur, hərbi obyektlər, hava limanları, otellər, yaşayış mərkəzləri və diplomatik missiyalara qarşı raket və PUA-larla fərq qoymadan hücumlar təşkil etməkdə davam edir; bu səhər isə Azərbaycana hücum edib".

​Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Oman, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Bəhreynin hava hücumundan müdafiə sistemlərinin İrandan atılan raketləri zərərsizləşdirməyə çalışdığını deyən Tajani, "Bu daim dəyişən vəziyyətdə münaqişənin miqyasının böyüməsi riski realdır" deyə əlavə edib.

Çarter reysləri ilə bağlı açıqlama

​Tajani qeyd edib ki, böhran bölgələrində birbaşa və ya dolayısı ilə təsirlənən 100 minə yaxın İtaliya vətəndaşı var. Onların təhlükəsizliyinin prioritet olduğunu vurğulayan nazir, Körfəz ölkələrindəki vətəndaşların təxliyəsi üçün çarter reyslərinin yaxın günlərdə davam edəcəyini sözlərinə əlavə edib.

Mövsüm,

AzNews.az