“Yaxın Şərqdəki müharibə Şərqi Avropadakı proseslərə də təsir edə bilər” – Kənan Novruzov

5 Mart 2026 19:38 (UTC+04:00)

"Beynəlxalq münasibətlərdə baş verən proseslər bir-birindən ayrı və müstəqil deyil. Qlobal siyasətdə hadisələr zəncirvari şəkildə bir-birinə təsir göstərir. Beynəlxalq münasibətləri böyük bir şahmat taxtasına bənzətmək olar. Məsələn, şərti olaraq desək, A2 xanasında və ya A2–B5 diapazonunda baş verən proseslər birbaşa olaraq D7 və ya D7–E5 sahəsində baş verən hadisələrə təsir edir. Eyni şəkildə, A2 xanasındakı fiqurun hərəkəti D8 xanasındakı fiqura da təsir göstərə bilər. Bu yanaşma beynəlxalq münasibətlərə də aiddir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Yaxın Şərqdə İran ətrafında artan gərginlik və mümkün hərbi eskalasiya beynəlxalq gündəliyin prioritetlərinə yenidən təsir göstərir. Böyük güclərin diplomatik və hərbi resurslarını eyni vaxtda bir neçə böhran ocağına yönəltməsi isə qlobal diqqətin və siyasi resursların bölünməsi riskini artırır. Ukrayna ətrafında davam edən müharibə fonunda yeni regional böhranın yaranması beynəlxalq ictimaiyyətin diqqətində müəyyən dəyişikliklərə səbəb ola bilər. Son illərdə Ukrayna münaqişəsi Qərb ölkələrinin təhlükəsizlik siyasətində əsas prioritetlərdən biri kimi çıxış edib. Lakin İranla bağlı mümkün genişmiqyaslı qarşıdurma həm siyasi gündəliyin istiqamətini dəyişə, həm də hərbi və maliyyə resurslarının başqa sahələrə yönəlməsinə gətirib çıxara bilər.

Siyasi şərhçi qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələrin Şərqi Avropadakı proseslərə təsir etməyəcəyini düşünmək mümkün deyil.

"Əksinə, Şərqi Avropada baş verən hadisələr Yaxın Şərqdəki müharibəyə müəyyən zəmin yarada bilər. Ukrayna məsələsinə diqqətin azalacağı barədə fikirlər isə reallığı tam əks etdirmir. İndiyədək Rusiyanın əsas dəstəkçilərindən biri İran olub. Lakin hazırda İranın özünün mürəkkəb proseslərlə üzləşməsi Rusiyanın imkanlarına da təsir göstərir. İran hazırda daha çox daxili və regional problemləri ilə məşğuldur, Rusiya isə digər cəbhədə fəaliyyət göstərir. Bu isə müəyyən mənada onların güclərinin parçalanması deməkdir. Əgər Yaxın Şərqdəki müharibə genişlənərsə və təxminən 10–14 gün davam edərsə, bu, Rusiyanın imkanlarını daha da zəiflədə və nəticədə Ukrayna üçün müəyyən üstünlüklər yarada bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az