“İranın Azərbaycana qarşı addımları planlı görünür” – Oqtay Qasımov

5 Mart 2026 20:41 (UTC+04:00)

"İran ABŞ və İsraillə müharibə başlayacağı təqdirdə, bu savaşı dərhal öz sərhədlərindən kənara çıxaracağını bəyan etmişdi. Xatırlayırıq ki, yanvar ayında Azərbaycana səfər edən İranın xarici işlər nazirinin müavini də məhz belə bir açıqlama ilə çıxış etmişdi. Digər İran rəsmiləri də oxşar mesajlar vermişdilər. Müharibə başlayan kimi isə İranın ABŞ hərbi bazaları və İsraillə yanaşı, bəzi qonşu ölkələri də hədəfə aldığını gördük. İlk mərhələdə belə ehtimallar səsləndirilirdi ki, İran raket və dron zərbələrini əsasən ABŞ hərbi bazalarının yerləşdiyi və ya öz əraziləri və hava məkanı vasitəsilə İrana qarşı əməliyyatların aparılmasına imkan verən ölkələrə yönəldir. Lakin son iki gündə Türkiyə və Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli dron və raket hücumları göstərir ki, İranın niyyəti bundan fərqlidir. Belə ki, İran öz ərazisində ABŞ və ya İsrail hərbçilərinin olmadığı Azərbaycana, eləcə də ABŞ hərbi bazası olmayan, yalnız NATO infrastrukturu mövcud olan Türkiyəyə qarşı hücum cəhdləri ilə çıxış edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən müharibə və İranın reaksiyaları qonşu ölkələrdə narahatlıq doğurur. İran müxtəlif bəhanələrlə bir neçə qonşu ölkənin ərazisinə PUA və raket zərbələri endirib. Son iki gündə bu hücumların hədəfi arasında Türkiyə və Azərbaycan da olub: dünən İran Türkiyəyə ballistik raket atıb, bu gün isə Naxçıvan ərazisi PUA hücumuna məruz qalıb.

Siyasi şərhçi qeyd edib ki, bu, İranın regionu genişmiqyaslı qarşıdurma məkanına çevirmək istədiyini və qonşu ölkələrə qarşı addımlarını məhz bu məqsədlə atdığını göstərir.

"Bu, xüsusilə Azərbaycana və Türkiyəyə münasibətdə ciddi təəssüf doğuran bir addımdır. Halbuki Türkiyə İranla ABŞ və İsrail arasında müharibənin baş verməməsi üçün ciddi diplomatik səylər göstərmişdi. Azərbaycan da həm müharibədən əvvəl, həm də müharibə dövründə İran rəhbərliyini ən yüksək səviyyədə əmin etmişdi ki, indiyə qədər olduğu kimi, bundan sonra da öz ərazisinin üçüncü ölkələr tərəfindən İrana qarşı istifadə olunmasına imkan verməyəcək. Bu, Azərbaycanın açıq və birmənalı mövqeyi idi. Bundan əlavə, Azərbaycan Prezidentinin İran səfirliyinə gedərək başsağlığı verməsi də münasibətlərin gərginləşməsinin qarşısını almağa yönəlmiş humanitar və siyasi jest kimi qiymətləndirilə bilərdi. Lakin görünən odur ki, İran tərəfi bu addımı da xoş niyyətlə qarşılamadı. Əksinə, həmin ziyarətdən cəmi bir gün sonra Naxçıvan istiqamətində dron hücumu həyata keçirildi. Bu addım açıq şəkildə təxribat xarakteri daşıyır və münasibətlərin gərginləşdirilməsinə xidmət edir. Əslində, bu cür davranış müəyyən mənada gözlənilən idi. Çünki İran rejiminin mahiyyəti və Azərbaycana münasibəti uzun illərdir məlumdur. İran daxilində bəzi siyasi və hərbi dairələr Azərbaycana qarşı açıq şəkildə mənfi mövqe sərgiləyir və yaranan hər fürsətdə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Bu hadisələrin təsadüfi olmadığını göstərən məqam da ondan ibarətdir ki, İranda qərarvermə prosesində təsir gücü yüksək olan müəyyən hərbi-siyasi qruplar mövcuddur. Məhz bu qruplar Azərbaycana qarşı sərt mövqe tuturlar və baş verən hadisələrin də planlı şəkildə həyata keçirildiyi ehtimalı irəli sürülür. İran rəsmilərinin dron hücumları ilə bağlı məlumatlarının olmadığını iddia etməsi isə inandırıcı görünmür və bu açıqlamalar bir çoxları tərəfindən ciddi suallar doğurur. Ümumilikdə isə hesab olunur ki, İranda mövcud siyasi sistem dəyişmədiyi və fars şovinizminə əsaslanan yanaşmalar aradan qalxmadığı müddətdə Azərbaycanla İran arasında münasibətlərin tam normallaşması çətin görünür. Çünki bu siyasi yanaşmada Azərbaycan çox vaxt düşmən və ya rəqib ölkə kimi təqdim olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az