"İstənilən cəmiyyətdə müəyyən sosial təbəqələşmə mövcuddur. Bu, siyasi, mədəni, iqtisadi və sosial qrupların formalaşması və fərqlənməsi ilə bağlıdır. Sosial təbəqələşmə müxtəlif meyarlar və faktorlarla müəyyən olunur. Bu baxımdan etimadsızlıq və qarşılıqlı rəqabət müəyyən mənada normaldır; cəmiyyətdə sabit və ədalətli strukturlaşma həm sosial balansın, həm də inkişafın bir elementidir. Lakin sosial həmrəylik yalnız qarşılıqlı anlaşma ilə məhdudlaşmır. Bu ideya Fransız sosiologiya məktəbinin əsaslarından qaynaqlanır və Émile Durkheim kimi alimlər tərəfindən işlənib hazırlanıb. Sosial həmrəylik əmək bölgüsü ilə sıx bağlıdır: iş bölgüsü artdıqca cəmiyyətin səmərəliliyi və idarəetmə keyfiyyəti yüksəlir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, cəmiyyətdə sosial qruplar arasında etimadsızlığın artması həm sabitliyə, həm də iqtisadi inkişafın sürətinə mənfi təsir göstərir. Qarşılıqlı anlaşmanın zəifləməsi əməkdaşlıq imkanlarını məhdudlaşdırır, ictimai institutlara inamı azaldır və sosial kapitalın azalmasına səbəb olur. Bu şəraitdə sosial etimadın gücləndirilməsi həm dövlət siyasətində, həm də ictimai təşəbbüslərdə prioritet istiqamət kimi önəm qazanır.
Sosioloq qeyd edib ki, sosial təminat və təhlükəsizlik məsələləri bu kontekstdə vacibdir.
"İlkin bərabərlik və hər kəsin himayəsi təmin olunmalıdır ki, sonrakı mərhələdə insanlar müəyyən anlaşma və uzlaşma əldə edə bilsinlər. Yaşamaq, fəaliyyət göstərmək və qorunmaq hər vətəndaşın hüququdur. Amma inkişaf meyarları hər zaman obyektiv və sağlam rəqabətə uyğun olmur. Bu, yalnız Azərbaycanda deyil, qlobal miqyasda da müşahidə olunur. İqtisadi sərhədlərin qapalılığı, obyektiv-subyektiv amillər və regional təsirlər sosial qrupların hərəkət imkanlarını məhdudlaşdırır. Bu isə cəmiyyətdə ziddiyyətlərin, narazılıqların və potensial gərginliyin yaranmasına səbəb olur. Cəmiyyətdə sosial inamsızlıq və latent gərginlik aradan qaldırılmalıdır. Dövlət strukturları və güc orqanları bu prosesləri nəzərə alır, amma əsas məsələ cəmiyyət daxilində anlaşma və sosial həmrəyliyin təmin edilməsidir. Sosial mədəniyyət, davranış və qruplar arasındakı inam bu tənzimləmədə əsas rol oynayır. Sosial təbəqələşmə və həmrəylik yalnız fərdi deyil, kollektiv səviyyədə də qorunmalıdır. Güclü və zəif qruplar arasında balansın təmin edilməsi, sosial gərginliklərin qarşısını almaq üçün vacibdir. Zəif qrupların davranışı gözlənilməz ola bilər və bu cəmiyyətdə risk yaradır. Buna görə də dövlət və qeyri-hökumət qurumları, həmçinin sosial marifləndirmə mexanizmləri bu prosesdə iştirak etməlidir. Nəticədə, qanunların işləməsi, sosial qrupların və fərdlərin cəmiyyətdə aktiv iştirakı konsensusun əldə edilməsinə və maraqların optimal səviyyədə təmin olunmasına xidmət edir. Sosial təbəqələşmə nə qədər yaxşı idarə olunarsa, cəmiyyətin stabilliyi və inkişafı bir o qədər güclü olur".
Rəfiqə Namazəliyeva,
AzNews.az