"Fransa prezidentinin Azərbaycan prezidentinə zəng etməsi və İran tərəfinin Azərbaycana edilən dron hücumu ilə bağlı təəssüfünü bildirməsi və Azərbaycanın mövqeyini dəstəkləməsi Fransa–Azərbaycan münasibətlərində son bir neçə ayda baş vermiş dəyişikliklərin əslində yeni bir mərhələ yaratdığını göstərir. Çünki bu birbaşa telefon danışığı sadəcə Azərbaycana dəstək ifadə etmir, eyni zamanda Azərbaycan–Fransa əməkdaşlığı üçün mümkün perspektivlərin yenidən gündəmə gətirilməsini müəyyənləşdirir. Çünki telefon danışığında Cənubi Qafqaz, Ermənistan–Azərbaycan məsələləri, sülh məsələləri kimi məsələlərdə problemlər də, yəqin ki, açıqlamada ifadə edildiyi kimi, müzakirə olunub. Biz bu məsələni iki nöqteyi-nəzərdən qiymətləndirə bilərik. Birincisi, Fransa Avropa İttifaqının siyasətini müəyyənləşdirən üç böyük ölkədən biridir və həm də daha fəal ölkələrdən biridir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron martın 8-də Prezident İlham Əliyevə zəng edib, İranın Azərbaycana hücumu ilə bağlı həmrəylik və dəstəyini ifadə edib, həmçinin Fransa vətəndaşlarının təxliyəsinə yaradılmış şəraitə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev təşəkkür edib, telefon söhbətində Cənubi Qafqazda sülh və Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin perspektivləri müzakirə olunub.
Deputat qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə sıx tərəfdaş olduğundan, Fransanın mövqeyini həm də Avropa İttifaqının ümumiləşmiş mövqeyi kimi qiymətləndirmək olar.
"İkincisi, xeyli müddət gərgin qalan Fransa–Azərbaycan münasibətlərinin Fransanın yenidən qiymətləndirməsi, özünün baş vermiş xətalarını dərk etməsi və yenidən Azərbaycanla münasibətlərini yüksək səviyyəyə qaldırması kimi qiymətləndirə bilərik. Mənə elə gəlir ki, iki prezidentin danışığında bu elementlər də öz əksini tapıb və ən nəhayət İranla bağlı mümkün İran–İsrail və ABŞ müharibəsindən, mümkün post-müharibə mərhələsində Azərbaycanın rolunun və yerinin artmasının proqnozlaşdırılaraq Azərbaycan Prezidentinə zəng edilməsi Fransa tərəfindən atılmış addımdır. Bütün bunlar bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində baş verən olduqca kritik, mürəkkəb və tarixi proseslər kontekstində nüfuzunun, yerinin və rolunun yenidən qiymətləndirilməsidir. Bəlli oldu ki, vaxtilə düşünüldüyü kimi deyil: Azərbaycanın gücü, Azərbaycanın mövqeyi, Azərbaycanın oynaya biləcəyi rol çox güclüdür və hörmətə layiqdir. Ona görə düşünürəm ki, əslində telefon danışığı zamanı müzakirə olunan məsələlər də dediyimiz potensialın bir hissəsinin iki ölkə prezidenti tərəfindən müzakirə olunmasıdır və ən nəhayət Cənubi Qafqaz mövzusundan bağlı Fransa prezidentinin ayrıca bir paraqraf açması və Azərbaycan dilində özünün “X” səhifəsində paylaşım etməsi onunla xəbər verir ki, Fransa Rusiyadan və Amerikadan kənar Azərbaycan vasitəsilə Cənubi Qafqazda yenidən öz mövqelərini gücləndirməyə çalışır. Əvvəlcə Ermənistan vasitəsilə bunu etməyə çalışırdı, ancaq buna nail olmadı. İndi isə Azərbaycanı tərəfdaş seçməklə yenidən Cənubi Qafqazda heç olmasa özünün bu və ya digər şəkildə iqtisadi iştirakını müəyyənləşdirməyə çalışır. Bütün bunlar isə əlbəttə ki, Azərbaycanın gücündən xəbər verir, regionda açar dövlət statusunda olmasından xəbər verir".
Rəfiqə Namazəliyeva,
AzNews.az